Dünyada baş verən qlobal proseslər fonunda Azərbaycan iqtisadiyyatı öz artım tempini qorumağa davam edir. Yeni infrastruktur layihələri həyata keçirilir ki, bu da özəl investisiyaların cəlbini şərtləndirir. Bu baxımdan, beynəlxalq təşkilatların ölkəmizdəki layihələri dəstəkləməsi, sərmayə yatırımı üçün dövlət qurumları tərəfindən fəal işlər görülməkdədir.
Ötən həftə Azərbaycanda səfərdə olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru Hani Salem Sonbol “Report”a müsahibəsində ölkədə islam maliyyələşməsinin tətbiqi, ITFC-nin diqqətini çəkən sahələr, dəstək göstərilməsi mümkün olan layihələr barədə danışıb:
- İslam maliyyələşməsinin Azərbaycanda tətbiqi ilə bağlı mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Onun tətbiqi istiqamətində hansı dəstək göstərilə bilər? Ölkəmizdə bu sahədə perspektiv varmı?
- Azərbaycan güclü iqtisadiyyatı və dinamik özəl sektoru olan, müsəlmanların çoxluq təşkil etdiyi ölkə kimi islam maliyyəsinin böyük potensialından istifadə üçün əlverişli mövqeyə malikdir. Sürətlə inkişaf edən bu sektor müxtəlif maliyyə mexanizmlərini və şəriətə uyğun investisiya imkanlarını təklif edir.
Ticarətin təşviqi və həyat şəraitinin yaxşılaşdırılması strategiyamıza uyğun olaraq ITFC müxtəlif üzv ölkələrdə, o cümlədən Azərbaycanda islam maliyyəsinin genişləndirilməsi böyüməsini asanlaşdırmaq üçün aktiv işləyir. Bizim hərtərəfli yanaşmamız təkcə ticarətin inkişafı təşəbbüslərini deyil, həm də Azərbaycanın islam maliyyə sektorunu yeni zirvələrə qaldıra biləcək potensialın artırılması və məsləhət xidmətlərini genişləndirilməsini əhatə edir.
Bacarıqların artırılması üzrə öhdəliyimizə nümunə kimi sentyabrın 12-14-də Bakıda keçirilən "İslam Maliyyə Məhsullarının Strukturlaşdırılması" mövzusunda seminarı göstərmək olar. ITFC və Azərbaycan İqtisadiyyat Nazirliyi arasındakı bu əməkdaşlıq dövlət və özəl sektordan 40-a yaxın iştirakçını bir yerə toplayıb. Əsas məqsəd iştirakçıların islam maliyyəsi üzrə bilik və bacarıqlarını artırmaq və Azərbaycanda islam maliyyə sənayesinin inkişafına töhfə verməkdir.
Bundan əlavə, məsləhət xidmətləri sahəsində ITFC maliyyə institutları ilə əməkdaşlıq edərək "İslam pəncərəsi" və yerli bazar ehtiyaclarına uyğun innovativ islam maliyyə məhsulları, xidmətləri yaratmağa hazırdır. Bu yanaşma təkcə davamlı və etik maliyyəyə dair qlobal tendensiyalara uyğunlaşmır, eyni zamanda, həm də üzv ölkələrdə iqtisadi artımı və rifahı təşviq etmək öhdəliyimizi əks etdirir.
Gələcəyə baxsaq Azərbaycanda islam maliyyə alətləri və təcrübələrinin təkamülü ilə bağlı böyük gözləntilərimiz var. ITFC hökumət və özəl sektorun birgə səyləri ilə iqtisadi artımı təşviq etməklə yanaşı, maliyyə sabitliyini stimullaşdıran işlək islam maliyyə ekosistemini nəzərdə tutur. Nəticə etibarı ilə, Azərbaycan xalqının yaşam səviyyəsini daha da yaxşılaşdıran, müxtəlif və dürüst maliyyə mühitini vəd edən islam maliyyəsinin buradakı parlaq gələcəyini tam potensialı ilə reallaşdırmağa, bunun faydalarını əldə etməyə hazırıq.
- Asiya İnkişaf Bankının (ADB) hesablamalarına görə, Azərbaycanda KOS-ların maliyyə ehtiyacları 6,8 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bunu nəzərə alaraq və ITFC-nin mandatına əsasən, Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi sahəsində fəaliyyəti genişləndirmək nəzərdə tutulurmu?
- Azərbaycan ITFC-nin dəyərli üzv ölkələrindən biri kimi mühüm mövqeyə malikdir. Azərbaycan hökumətinin milli inkişaf strategiyasına tam uyğun olaraq özəl sektorun, kiçik və orta müəssisələrin dəstəklənməsi ITFC üçün əsas prioritetdir.
2009-2013-cü illərdə ITFC-nin Azərbaycana ayrılmış maliyyə vəsaitlərinin həcmi 83,4 milyon ABŞ dolları təşkil edib. Bu maliyyələşdirmə Azərbaycanda özəl sektora, KOS-lara dəstək məqsədilə verilib və tərəfdaş banklara öz müştərilərinə şəriətə uyğun ticarət həlləri təklif etməsinə, KOS-ların alternativ maliyyələşdirmə üsullarından istifadəsinə yardımçı oldu.
Qeyd etmək lazımdır ki, qlobal ticarətin maliyyələşdirilməsində kəsirin həcmi 2022-ci ildə 2,5 trilyon ABŞ dollarına çatıb. Bu geniş ticarət maliyyəsi çatışmazlığı qlobal miqyasda davamlı iqtisadi artım və inkişaf üçün əhəmiyyətli problemlər yaradır. Ticarətin maliyyələşdirilməsi üzrə bu boşluğun mənfi təsirləri ən çox KOS-lar tərəfindən hiss olunur. Çünki onlar böyümək üçün zəruri olan maliyyə resurslarına çıxış yolunda böyük maneələrlə üzləşirlər.
Vəzifə və məqsədlərimizə uyğun olaraq, ITFC Azərbaycanda KOS-ları dəstəkləməyə tam sadiqdir və inteqrasiya edilən ticarət həllərinin tətbiqi çərçivəsində bu öhdəliyə nail olmağı hədəfləyir. Bu yanaşma maliyyələşdirilmə əməliyyatlarının ticarətin inkişafı və potensialın artırılması təşəbbüsləri ilə tamamlandığı vahid strategiyaya əsaslanır. Bu strategiyanın bir hissəsi kimi ITFC Mərkəzi Asiyada Ticarətə Qoşulma (TCCA+) proqramına başlayıb. “TCCA+” proqramının əsas prioritetlərindən biri ixracyönümlü KOS-lara dəstək verməkdir.
İslam maliyyəsinə uyğun ticarət həllərinin tətbiqi strategiyamızın mühüm aspektidir. Bu həllər şəriətə uyğun ticarət maliyyə resurslarına çıxışı təmin etmək, regional və beynəlxalq ticarət fəaliyyətlərində iştirakı asanlaşdırmaq məqsədilə Azərbaycanda KOB-ları gücləndirmək üçün nəzərdə tutulub.
Bu kontekstdə biz Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilə əməkdaşlığımızın bərpası prosesinə başlamışıq. Ticarət maliyyə xətti imkanları çərçivəsində ITFC Azərbaycandakı KOS müştərilərinin ehtiyacları üçün həm maliyyələşdirilən, həm də maliyyələşdirilməyən şəriətə uyğun həllər təklif etməyi planlaşdırır. Belə bir mühüm mərhələdə ITFC ötən həftə “Rabitəbank” ASC ilə 10 milyon ABŞ dolları dəyərində “Letter of Credit Confirmation Facility” (akkreditiv) müqaviləsi imzalayıb. Bu, Azərbaycanda KOS müştərilərinin ticarətin maliyyələşdirilməsi ehtiyaclarını sürətləndirmək və sadələşdirmək üçün nəzərdə tutulub.
“Rabitəbank” ilə bu əməkdaşlıq Azərbaycandakı digər yerli banklarla əməkdaşlıq öhdəliyini yenidən gücləndirir. Bu əməkdaşlıqlar vasitəsilə biz ölkədə islam maliyyəsi prinsiplərini təşviq edəcəyik və ticarətin maliyyələşdirilməsi üzrə hərtərəfli həllər təklifi imkanı qazanacağıq.
Nəticə etibarı ilə ITFC ölkənin inkişaf məqsədlərinin həyata keçirilməsinə töhfə vermək və qlobal ticarətin maliyyələşdirilməsində yaranan boşluqların KOS-lara mənfi təsirlərini azaltmaq üçün Azərbaycanın KOS sektorunu dəstəkləməyə tam sadiqdir. İnteqrasiya edilmiş yanaşmamız və əməkdaşlığımız vasitəsilə biz Azərbaycan KOS-larının böyüməsinə, inkişafına və ümumi iqtisadi mənzərəyə təsir göstərməyi hədəfləyirik.
- Azərbaycan istər nəqliyyat, istərsə də neft-qaz sahəsində bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu cür layihələr İslam Korporasiyasının diqqətini çəkirmi?
- Azərbaycanın nəqliyyat, neft və qaz sektorlarında fəal iştirakı və beynəlxalq layihələrə təşəbbüs göstərməsi ITFC olaraq diqqətimizi cəlb edir. Bu sektorlar üzv ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi inkişafında və enerji təhlükəsizliyində əsas rol oynayır.
Enerji təhlükəsizliyi təşkilatımızın əsas hədəflərindən biri kimi önə çıxmaqdadır. Biz iqtisadiyyatların "yaşıl" və daha dayanıqlı enerji mənbələrinə keçidinin tərəfdarı olmaqla yanaşı, üzv ölkələrin enerjiyə olan təcili və mühüm ehtiyaclarını da anlayırıq. Bir çox ölkələr, o cümlədən Azərbaycan üçün neft və qaz ehtiyatları bərpa olunan enerjiyə iqtisadi və məqsədəuyğun şəkildə keçid edənə qədər əhəmiyyətli olaraq qalır. Bu kontekstdə biz enerji təhlükəsizliyini təmin etmək və inkişaf ehtiyaclarını ödəmək məqsədilə üzv ölkələrimizin neft-qaz sektorunu dəstəkləməyi nəzərdən keçirməyə hazırıq. Məqsədimiz təcili enerji ehtiyaclarını ödəmək və daha davamlı enerji təcrübələrinə keçidi asanlaşdırmaq arasında balans yaratmaqdır.
Nəqliyyat sektoruna gəldikdə isə İslam İnkişaf Bankı (IsDB) infrastruktur investisiyalarında fəal iştirak edir. Bu mövzuda təşkilatlarımız bir-birini tamamlayır. IsDB infrastrukturun inkişafına diqqət yetirdiyi halda, biz dövriyyə kapitalının maliyyələşdirilməsinin genişləndirilməsi yolu ilə nəqliyyat infrastrukturunun saxlanmasına dəstək verməklə müvafiq sektorlara töhfə verə bilərik. Bundan əlavə, əməkdaşlığımız əsas nəqliyyat dəhlizlərində sadə infrastrukturun inkişafına, logistikanın təkmilləşdirilməsinə və ticarətin asanlaşdırılması proseslərinə qədər genişlənə bilər.
Bir sözlə, Azərbaycanın enerji, nəqliyyat və neft-qazla bağlı beynəlxalq layihələrdə fəal iştirakı ITFC olaraq bizim missiyamıza uyğundur. Biz iqtisadi inkişafı stimullaşdıra, enerji təhlükəsizliyini artıra və nəqliyyat infrastrukturunu optimallaşdıra biləcək əməkdaşlıq və dəstək yollarını araşdırmağın tərəfdarıyıq. Məqsədimiz təcili ehtiyaclar ilə uzunmüddətli davamlılıq arasında ahəngdar tarazlığa nail olmaq və nəticədə üzv ölkələrimizin rifahına və sabitliyinə töhfə verməkdir.
- Azərbaycanda bir sıra dövlət müəssisələrinə özəl investisiyaların cəlbi planlaşdırılır. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, rəqəmsal və neft sektorlarına daxil olan bəzi müəssisələr. ITFC-nin dövlət müəssisələrinə investisiya yatırmaq kimi praktikası mövcuddurmu?
- ITFC-nin həm dövlət, həm də özəl sektora daxil olan müəssisələrlə əməkdaşlıq etmək səlahiyyəti var. Bu illər ərzində biz müxtəlif üzv ölkələrin dövlət institutları ilə uğurlu tərəfdaşlıq əlaqələrinin təcrübəsini yaratmışıq ki, bu da, nəzərəçarpacaq nəticələr, iqtisadi artıma və inkişafa mühüm töhfələr verib.
Bu əməkdaşlıqlar sosial-iqtisadi sabitliyin mühüm komponentləri olan ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində çox vaxt əsas rol oynayıb. ITFC dövlət qurumları ilə əməkdaşlıq edərək əsas məhsulların və enerji resurslarının axınını asanlaşdırmaqla üzv ölkələrin inkişaf məqsədlərinə dəstək verib.
Bu baxımdan, Azərbaycanda dövlət qurumları ilə potensial əməkdaşlığın araşdırılmasına hazırıq. Çünki hökumət də Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold”, rəqəmsal və neft sektorundakı qurumlarla potensial əməkdaşlığın araşdırılmasına razıdır. Təbii ki, bu, özəl investisiyaları dövlət müəssisələrinə cəlb etmək məqsədi daşıyır.
Məsələn, ölkənin ən böyük və əhəmiyyətli bankı olan Azərbaycan Beynəlxalq Bankı ölkədə ITFC üçün ideal biznes tərəfdaşı ola bilər. Belə əməkdaşlıq şəriətə uyğun ticarət həllərinin tətbiqinə və islam maliyyəsi prinsiplərinə uyğun ticarət fəaliyyətinin asanlaşdırılmasına gətirib çıxarar.
ITFC Azərbaycanda dövlət qurumları ilə tərəfdaşlıq imkanlarını da araşdırmağa hazırdır. Biz öz təcrübəmizdən və peşəkarlığımızdan istifadə etməklə ölkənin iqtisadi artımı və inkişaf hədəflərinə töhfə verməyi hədəfləyirik. Son olaraq Azərbaycan daxilində ticarəti inkişaf etdirmək və üzv ölkələrin prioritetlərinə uyğun davamlı sosial-iqtisadi inkişafı təşviq etmək əsas məqsədimizdir.
- Azərbaycanda hansı sektorun inkişafında potensial görürsünüz və bu sahələrin təşviqi üçün İslam Korporasiyası tərəfindən hansı tövsiyələriniz ola bilər?
- Azərbaycan hökuməti ənənəvi sahələrdən kənara çıxan sektorların dəstəklənməsinin vacibliyini nəzərə alaraq iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addımlar atıb. Böyük inkişaf potensialına malik sektorlar arasında kənd təsərrüfatı əsas namizəd kimi önə çıxır. Bu sektor təkcə sabit inkişaf edən iqtisadiyyatın təmin edilməsində deyil, həm də qlobal səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsində vacib rol oynayır. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin daha da artırılmasına, yeni bazarların və ixrac istiqamətlərinin yaranmasına imkan verəcək. Bu təkmilləşdirmələrə məhsuldarlığı və təchizat potensialını artırmaq üçün təchizat zəncirinin modernləşdirilməsi və genişləndirilməsi daxildir. Bundan əlavə, xüsusilə İslam İnkişaf Bankı Qrupu ölkələri arasında beynəlxalq bazarlar haqqında daha yaxşı məlumatlar qida və kənd təsərrüfatı sektorunda ixracın artmasına səbəb ola bilər.
Beynəlxalq ticarət bu baxımdan mühüm rol oynayacaq. Bundan əlavə, Azərbaycanın regional ticarət, həmçinin tranzit mərkəzinə çevrilməsinə dəstək üçün nəqliyyat və ticarət infrastrukturunu, logistika və ticarət siyasətini, bu istiqamətdə prosedurları daha da inkişaf etdirmək vacibdir.
- Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası Azərbaycanda hansı yeni layihələrə dəstək göstərməkdə maraqlıdır?
- ITFC xüsusilə sabit böyüyən və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına diqqət yetirərək, öz layihələrini və fəaliyyətini Azərbaycanın sosial-iqtisadi inkişafı üzrə milli prioritetlərinə uyğunlaşdırmağa hazırdır.
İslam Korporasiyası Azərbaycanda həm dövlət, həm də özəl sektora dəstək göstərmək imkanına malikdir və bu, bizə Azərbaycanda fərqli qurumlar və müştərilərlə qarşılıqlı əlaqə yaratmaq imkanı verir. ITFC dövlət sektorunda neft-qaz, telekommunikasiya və nəqliyyat kimi müxtəlif sektorları əhatə edən dövlət müəssisələrinin maliyyələşdirilməsi mexanizmlərini araşdırmaqda maraqlıdır. Bu strateji yanaşma əsas hökumət institutlarının fəaliyyətini və davamlılığını yaxşılaşdırmaq üçün hökumətin səylərini dəstəkləmək məqsədi daşıyır.
Özəl sektor sahəsində ITFC-nin qarşıdakı illər üçün iddialı planları var. Biz Azərbaycanda tərəfdaş banklar şəbəkəmizi genişləndirmək, özəl sektor və kiçik orta biznes üçün ticarətin maliyyələşdirilməsini asanlaşdırmaq öhdəliyimizə sadiqik. Banklara və maliyyə institutlarına təqdim edilən ticarət maliyyə xətləri ilə özəl sektor müştərilərinin ticarətin maliyyələşdirilməsi ehtiyaclarını qarşılamaq və bununla da onların böyüməsini, genişlənməsini dəstəkləmək üçün fəaliyyətimizi davam etdirəcəyik.
Bizim yanaşmamızın diqqətəlayiq cəhəti şəriət prinsiplərinə sadiqliyimizdir ki, bu da təqdim olunan maliyyələşdirmənin islam maliyyəsi prinsiplərinə uyğun olmasını təmin edir. Bu öhdəlik Azərbaycanda islam maliyyəsinin inkişafına təkan verməklə yanaşı, həm də ənənəvi maliyyə institutları tərəfindən çox vaxt kifayət qədər xidmət görməyən KOB-lar üçün faydalı alternativ maliyyələşdirmə üsulları və mənbələri təklif edir.
Bundan əlavə, ITFC Azərbaycanın “TCCA+” proqramına davamlı dəstəyini və töhfəsini dəyərləndirir. Bu proqram regional ticarət və investisiyalar üçün katalizator rolunu oynayır, region bazarlarını Azərbaycan da daxil olmaqla digər beynəlxalq bazarlarla əlaqələndirmək məqsədi daşıyır. Azərbaycan “TCCA+”da iştirak edərək, strateji coğrafi mövqeyinə əsaslanaraq regional və beynəlxalq ticarət dinamikasında əsas oyunçu kimi mövqeyini gücləndirə bilər.
Son olaraq bir daha qeyd edim ki, ITFC həm dövlət, həm də özəl sektorla əməkdaşlıq çərçivəsində şəriətə uyğun maliyyələşdirmə təklif edərək, tərəfdaş banklar şəbəkəsini genişləndirərək və “TCCA+” kimi transformasiya proqramlarında fəallıq göstərərək Azərbaycanın iqtisadi inkişafına dəstəkdə əsas rol oynamağa hazırdır. Hədəfimiz Azərbaycanın inkişaf məqsədlərinə və prioritetlərinə uyğun şəkildə ölkənin və xalqın davamlı inkişafına, rifahına töhfə verməkdir.