Sanksiyalar çərçivəsində İsveçrə hökuməti tərəfindən dondurulan Rusiya ilə bağlı aktivlərin dəyəri aprel ayından bəri 1.3 milyard frank (1,5 milyard ABŞ dolları) artıb.
“Report” xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) bəyanatında deyilir.
“13 avqust 2024-cü il tarixinə İsveçrədə 7,1 milyard frank dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, o cümlədən idman və lüks avtomobillər, sənət əsərləri, fiziki şəxslərə, şirkətlərə və təşkilatlara məxsus maliyyə aktivləri dondurulub”, - sənəddə bildirilib.
Qeyd olunub ki, bəzi hallarda aktivlər ehtiyat tədbiri kimi bloklanır və vəziyyət aydınlaşdırıldıqdan sonra məhdudiyyətlər aradan qaldırıla bilər.
SECO-nun məlumatına görə, aprel ayında İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri, 5,8 milyard frank (təqribən 6,7 milyard ABŞ dolları) təşkil edib.