Təbii fəlakətlərin zərərini azaltmaq üçün beynəlxalq əməkdaşlıq vacibdir.
"Report" xəbər verir ki, bunu İspaniyanın Ali Audit Orqanının auditoru Manuel Suerrios Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
O, qlobal iqlim dəyişikliyinin və sürətlə artan fəlakət risklərinin ölkələri yeni yanaşmalar tətbiq etməyə və bu sahədə birlikdə fəaliyyət göstərməyə vadar etdiyini qeyd edib: "Təbii fəlakətlər təkcə bir ölkənin problemi deyil; onlar qlobal bir çağırışdır. Fəlakətlərin təsirlərini minimuma endirmək üçün dövlətlər arasında bilik, texnologiya və resursların bölüşdürülməsi olduqca önəmlidir. Beynəlxalq əməkdaşlıq təkcə fəlakətlər zamanı deyil, həm də onların qarşısının alınması və fəlakət sonrası bərpa proseslərinin səmərəliliyində mühüm rol oynayır".
Qonağın sözlərinə görə, ölkələr bir-birindən öyrənməli, ən yaxşı təcrübələri bölüşməli və resursları effektiv idarə etməklə fəlakətlərin iqtisadi və sosial zərərlərini azaltmalıdırlar.
"Auditorların bu prosesdə rolu mühüm əhəmiyyət kəsb edir, çünki onlar maliyyə axınlarının şəffaflığını təmin edir və zərərin ölçülməsində obyektiv məlumatlar təqdim edirlər. Fəlakətlər qaçılmaz ola bilər, lakin onların yaratdığı zərərin miqyası insanın hazırlığından asılıdır. Biz auditor olaraq, bu hazırlığı dəyərləndirməli və dövlətlərin resurslarını daha effektiv istifadə etməsinə kömək etməliyik," - deyə auditor əlavə edib.