İSB və ASA işəgötürənlərə və məşğul əhali qrupuna müraciət edib

İSB və ASA işəgötürənlərə və məşğul əhali qrupuna müraciət edib İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslər İttifaqı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi işəgötürənlərə və məşğul əhali qrupuna (işçilərə) müraciət edib.
Maliyyə
15 Oktyabr , 2021 12:35
İSB və ASA işəgötürənlərə və məşğul əhali qrupuna müraciət edib

İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslər İttifaqı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi işəgötürənlərə və məşğul əhali qrupuna (işçilərə) müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir:

Peşə fəaliyyəti zamanı işçinin sağlamlığına dəyən zərər nəticəsində əmək qabiliyyətinin daimi itirilməsinə (əlillik) görə zərərçəkənə (işçiyə), ölümü halında isə onun vərəsələrinə sığorta ödənişinin verilməsi qanunvericilik əsasında təmin edilir. Belə ki, hər bir işəgötürən öz işçisini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında qanuna əsasən sığortalamaq öhdəliyi daşıyır. İşçinin isə öz növbəsində həmin müqavilənin bağlanması haqqında məlumat əldə etmək hüququ vardır. Bu sığorta təminatı peşə fəaliyyəti zamanı bədbəxt hadisələr və yaxud peşə xətstəliyi baş verəcəyi təqdirdə işçi və ya onun vərəsələrinin müvafiq təzminat almasına imkan yaradır.

Qanunvericiliyin tələbinə uyğun olaraq işçisini sığortalamayan işəgötürənlər, bədbəxt hadisənin baş verməsi və yaxud peşə əmək qabiliyyətinin itirilməsi halında işçiyə və ya onun vərəsələrinə təzminat ödəməlidir. Bu tələbə əsasən İşəgötürən maliyyə sabitliyini sığorta mexanizmi vasitəsilə qorumuş olur. İşçilərini bu növ üzrə sığortalamayan sahibkarlıq subyektlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etməsi, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən cərimə edilməsi mümkündür.

Azərbaycan Mərkəzi Bankının sığorta sektorunun inkişafı və vətəndaşlarımızın baş verəcək maliyyə itkilərinə qarşı sığorta təminatı ilə güvəndə olması istiqamətində həyata keçirdiyi silsilə tədbirlərinin tərkibində sözügedən növ üzrə prosesləri İSB-nin elektronlaşdırması və sistemi təkmilləşdirməsi işləri uğurla icra edilir. İşəgötürənlərin www.isb.az internet səhifəsini istifadə etməklə, e-xidmətlər bölməsinə gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaları və elektron qaydada sistem üzərindən asanlıqla sığorta təminatı almaları mümkündür. Bundan başqa sığortalıların sığorta əməliyyatları üzrə tarixçəsini izləmələri üçün şəxsi kabinet, icbari sığorta növləri üzrə sığorta haqqının hesablanması üzrə kalkulyatoru və digər maarifləndirici materiallar istifadəyə verilib.

Qeyd edilən sığorta təminatı üzrə bu ilin yanvar-avqust aylarında baş vermiş hadisələrə görə 2,4 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon manatdan çoxdur. Cari ildə həyata keçirilmiş bir ölüm halı üzrə müvafiq işçinin vərəsələrinə ödənmiş ən yüksək sığorta ödənişi 250 min manat təşkil edib. Əlillik halı ilə bağlı həyata keçirilmiş ən yüksək sığorta ödənişi isə 100 min manat olub.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” qanun üzrə sığorta təminatını İSB-nin üzvü olan, müvafiq lisenziyaya malik 5 sığorta şirkəti verməkdədir. Bunlar “Atəşgah Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “Meqa Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi