İran Milli Bankının Bakı filialının kredit portfeli 3 dəfə kiçilib

Maliyyə
  • 04 iyul, 2024
  • 08:07
İran Milli Bankının Bakı filialının kredit portfeli 3 dəfə kiçilib

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 3,437 milyon manat mənfəətlə başa vurub.

"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 65 % çoxdur.

Yanvar-iyun aylarında İran bankının gəlirləri 2,357 milyon manat (illik müqayisədə 36,6 % çox), xərcləri 832 min manat (16 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,912 milyon manat (41,8 % çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə İran bankının aktivləri 114,856 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 49 % çoxdur. Bunun 2,393 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 66,5 % və yaxud 3 dəfə kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 86,4 % artaraq 70,262 milyon manata, o cümlədən depozit portfeli 23,9 dəfə artaraq 35,645 milyon manata, balans kapitalı isə 13,3 % artaraq 44,594 milyon manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.