"Azərbaycanın iqtisadi təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları 53 milyard ABŞ dollarına çatıb".
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda nazir Mikayıl Cabbarov bildirib.
"Bu, ölkənin ötən ilki ümumu daxili məhsulunun (ÜDM) dəyərinin 90,6 %-ni təşkil edir, idxalı 4,6 dəfə üstələyir, iqtisadi müstəqillik üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə o, əlavə edib.
Nazir həmçinin deyib ki, ölkənin sənayeləşməsi istiqamətində verilmiş qərarlar, sənaye zonalarının yaradılması ilkin nəticələrini göstərməkdədir: "Ötən il əlavə dəyər qeyri-neft sənayesində 1,8 %, o cümlədən qeyri-neft emalı sənayesində 22 %-ə yaxın artıb. Qeyri-neft sənayesində ÜDM-in ölkə ÜDM-ində xüsusi çəkisinin artması bizim strateji hədəfimiz olaraq qalır və növbəti illərdə də biz bu indikatorları izləməkdə davam edəcəyik”.