Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələb formalaşdırıb.
“Report” bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Məlumata görə, təkcə 2021-ci ilin 11 ayında ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələb 1,1 milyard manatdan çox olub. İpoteka kreditlərinin məbləğində müşahidə olunan əhəmiyyətli artım İKZF-nin kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur”, - deyə qurum bəyan edib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.