ING gələn il üçün Qafqaz regionunda iqtisadi dayanıqlığı qiymətləndirib

Maliyyə
  • 11 noyabr, 2026
  • 09:43
ING gələn il üçün Qafqaz regionunda iqtisadi dayanıqlığı qiymətləndirib

Mərkəzi Asiya və Qafqaz regionu qlobal dəyişkənliyə və dünya mərkəzi banklarının sərt monetar siyasətinə qarşı daxili şərtlərlə müəyyən edilmiş dayanıqlıq nümayiş etdirir, lakin geosiyasi dividentlərin tükənməsi riskləri ilə üzləşir.

Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.

ING-nin baza proqnozuna görə, region yüksək qlobal inflyasiyanın və sərt baza dərəcələrinin nəticələrinin öhdəsindən uğurla gələrək 2027-ci ilə qədəm qoyur. Güclü milli valyutalar, müsbət real faiz dərəcələri, həmçinin xammal və xarici gəlirlərin dəstəkləyici axınları idxal olunan inflyasiyanı cilovlayaraq daxili konyunkturanın pul-kredit siyasətini müəyyən etməsinə imkan verir.

"Özbəkistan və Qazaxıstanın faiz dərəcələrinin ehtiyatlı şəkildə aşağı salınması üçün imkanlarını qoruyacağı gözlənilir. Azərbaycanın, böyük ehtimalla, faiz dərəcələrini dəyişmədən saxlayacağı, Ermənistanın isə regionda sərt pul-kredit siyasəti aparması ilə bağlı mövqeyini qoruyacağı ehtimal olunur", - məlumatda bildirilib.

Ekspertlər vurğulayıblar ki, pul-kredit siyasətinin qlobal səviyyədə sərtləşdirilməsi Mərkəzi Asiya və Qafqaz regionunda dərəcələrin sinxron artımına avtomatik olaraq gətirib çıxarmır. Bununla belə, regionun dayanıqlığı müdafiə tələb edən fundamental dayaqlar üzərində qurulub.

"Qazaxıstan və Özbəkistanın tənzimləyiciləri yerli aktivlərə tələbi qorumaq və valyuta məzənnələrini müdafiə etmək üçün cəlbedici real dərəcələri saxlamalıdırlar. Nominal dərəcələr azala bilər, lakin mərkəzi banklar valyuta bazarının sabitliyinə zəmanət verən real dərəcələrdən ibarət təhlükəsizlik yastığını qurban verə bilməzlər", - ING analitikləri qeyd ediblər.

Əsas risk kimi ING analitikləri "geosiyasi dividentin" mümkün zəifləməsini nəzərdən keçirirlər. Daha əvvəllər Mərkəzi Asiya və Qafqaz regionu yenidən istiqamətləndirilmiş əmtəə, insan və maliyyə axınlarını cəlb edərək qlobal ticarətin fraqmentasiyasından faydalanırdı.

2027-ci il üçün riskli ssenaridə həm qonşu regionlarda gərginliyin potensial zəifləməsi, həm də onun eskalasiyası səbəbindən yeni axınlar üçün imkanların məhdudlaşması ilə bu geosiyasi bonus tükənməyə başlayır. Eyni zamanda, Rusiya və Çin strateji cəhətdən vacib regionda öz iqtisadi nüfuzunu möhkəmləndirməyə çalışdığı halda, Mərkəzi Asiya və Qafqazdan keçən maliyyə-ticarət zəncirlərinə Qərb tərəfindən tənzimləyici təzyiq güclənir.

Belə şəraitdə uğurla çoxvektorlu siyasət yürütmüş ölkələr prioritetlərin sərt seçimi, ticarət əməliyyatlarının aparılmasına dair xərclərin artması, komplayens-nəzarətin güclənməsi və xarici investorlar tərəfindən artan ehtiyatlılıqla üzləşəcəklər.