Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 3,8 %, 2025-ci ildə 2,5 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.
Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 1 faiz bəndi artıb, digər illər üçün isə dəyişməyib.
Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM artımı 3,5 %, dördüncü rübdə 3 % proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 1,7 %, ikinci rübdə 2,5 %, üçüncü rübdə 2,7 %, dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 2,3 %, 2025-2026-cı illərdə isə 2,4 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 % olacağını proqnozlaşdırır. IMF 2025-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 %, 2029-2032-ci illərdə isə illik 2,4 % səviyyəsindən yuxarı olacağı proqnozlaşdırılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.
“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.