İcmala əsasən, 2014-cü ilin 9 ayında ölkənin xarici ticarət tərəfdaşı olan İEÖ-də (inkişaf etmiş ölkələr) 1,1%, İEOÖ-də (inkişaf etməkdə olan ölkələr) 8,5%, neft ixrac edən ölkələrdə isə 8,2% inflyasiya qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 1,5%-ə enib. İstehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri yanvar-sentyabr aylarında 1%, qeyri-ərzaq qiymətləri 3,6%, xidmətlər isə 0,4% bahalaşıb.
Hesablamalara görə, 1,5%-lik orta illik inflyasiyanın 0,4 faiz bəndi ərzaq məhsulları, 0,9 faiz bəndi qeyri-ərzaq malları, 0,2 faiz bəndi xidmətlərin qiymətinin artması ilə əlaqədar olub.
Hökumətin rəsmi proqnozuna görə, 2014-cü ildə ölkədə inflyasiyanın aşağı təkrəqəmli səviyyədə qalacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu 2014-cü ildə Azərbaycanda orta illik inflyasiyanın MDB ölkələri ilə müqayisədə 5,1 faiz bəndi aşağı olacağını proqnozlaşdırır.