"Bu ildə dünya iqtisadiyyatın artımının cəmi 3% olacağı gözlənilir, bu, son onillikdə minimum dinamikadır".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva dünyanın aparıcı təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən dördüncü "dəyirmi masa"nın yekunları üzrə baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, buna təsir edən əsas amil beynəlxalq aləmdə qeyri-müəyyənliyin artmasına səbəb olan ticarət ziddiyyətləri olub: "Hesablamalarımıza görə, qlobal ÜDM-dəki itkilər 2020-ci ilə qədər 700 milyard dollar təşkil edəcək. Bu, planetin ümumi məhsulunun 0,8%-i deməkdir".
K.Georgiyevanın fikrincə, belə şəraitdə ekologiya və iqlim dəyişikliyinə qarşı mübarizədən tutmuş maliyyə və fiskal siyasətə qədər bir sıra istiqamətlər üzrə məhsuldar çoxtərəfli əməkdaşlığın yeni effektiv metodlarını axtarmaq son dərəcə aktuallaşır.
Pekindəki "dəyirmi masa"da Çinin Dövlət Şurasının Baş naziri Li Ketsyan, Dünya Bankının prezidenti Devid Melpas, Ümumdünya Ticarət Təşkilatının baş direktorunun müavini Alan Vulf, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Qurria və Maliyyə Sabitliyi Şuranın sədri Rendal Kuorlz iştirak ediblər.
Qeyd edək ki, bu gün Pekində "Dünya iqtisadiyyatının açıqlığına, sabitliyinə və yüksək keyfiyyətli inkişafına töhfə" şüarı altında dünyadakı vəziyyətdə və qlobal makroiqtisadi strategiyalarda baş verən son dəyişikliklərə həsr olunmuş "bir üstəgəl altı" formatında dördüncü "dəyirmi masa" keçirilir.