IMF Azərbaycana pul-kredit siyasətini sərtləşdirməyi tövsiyə edir
- 08 iyul, 2022
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiyanın və inflyasiya gözləntilərinin daha da möhkəmlənməsi və geri dönməsinin çətin olması riskini azaltmaq üçün pul-kredit siyasətini sərtləşdirməlidir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.
“AMB tərəfindən uçot dərəcəsinin artımı əvvəlki yüksək inflyasiya dövrünə və həmçinin regional analoqları ilə müqayisədə indiyə qədər nisbətən məhdud olub. Mərkəzi Bank həmçinin qlobal faiz dərəcələrində gözlənilən artımla ayaqlaşmağa hazır olmalıdır.
Xüsusi ilə kommunikasiyaların çətinləşdiyi indiki unikal məqamda Mərkəzi Bankla birbaşa ünsiyyət daha da vacibdir", bəyanatda bildirilir.
IMF artan inflyasiyaya cavab olaraq AMB-nin 2021-ci ilin ikinci yarısı və 2022-ci ilin əvvəlində monetar yumşaltmanı dayandırdığını və faiz dərəcələrini artırdığını xatırladıb.
“İnflyasiyadakı artım, idxal qida qiymətlərinin artması və 2021-ci ilin əvvəlində bəzi tənzimlənən yanacaq və su tariflərinin tənzimlənməsi və liberallaşdırılması da daxil olmaqla əsasən xarici və qeyri-monetar daxili amilləri əks etdirir.
Valyuta Fondunun komandası AMB-nin idxal inflyasiyasının ölkədə qiymət artımının mühüm amili olması ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
Bununla belə, indi inflyasiya daha geniş əsasdadır və onun gələcəkdə yüksək qalması riskləri var”,- BVF vurğulayır.
IMF-nin proqnozlarına görə, istehlak qiymətlərinin artımı 2022-ci ildə orta hesabla 12,3 %, 2023-cü ildə 9,5 %, 2024-cü ildə 7 %, 2025-ci ildə 5 %, 2026-cı ildə 4 %, 2027-ci ildə 4 % olacaq.
Xatırladaq ki, hazırda ölkədə uçot dərəcəsi 7,75 %, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % təşkil edir.