İlham Əliyev: "Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı sala bilmişik"

İlham Əliyev: "Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı sala bilmişik" "Xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir
Maliyyə
12 Aprel , 2022 19:31
İlham Əliyev: Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı sala bilmişik

"Xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq. Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi