Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və "Azərbaycan Fintex Assosiasiyası" (AFA) İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “Report” IFC-dən bildirilib.
Məlumata görə, sənədin məqsədi Azərbaycanın maliyyə sektoruna müasir texnologiyalardan istifadə edərək səmərəli maliyyə xidmətləri göstərmək üçün kömək etməkdir. IFC-nin “İnteqrasiyalı Maliyyə və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi fintex şirkətləri üçün qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində vebinarlar keçirəcək.
“Fintex innovasiyaları maliyyə xidmətləri üçün fiziki maneələri azaldır. Maliyyə xidmətlərinin insanların yaşadığı və işlədiyi yerlərə yaxınlaşdırılması tədbirləri maliyyə inklyuzivliyini genişləndirir; bu, xüsusilə bank filialına getmək üçün xeyli əlavə vaxt, resurs tələb edən ucqar ərazilər üçün doğrudur. Tərəfdaşlığımız Azərbaycanda maliyyə sektorunun dayanıqlığına töhfə verməklə fintex şirkətlərinin inkişafına kömək etmək məqsədi güdəcək,” – AFA-nın İdarə Heyətinin sədri Ruslan Talıbov qeyd edib.
“Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inkluzivliyi artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, AFA ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını müasirləşdirməyə kömək edəcək,” – IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirib.