İqlim maliyyələşdirilməsi tullantı sektoruna yetərincə yönləndirilməyib.
Bunu “Report”a açıqlamasında Davamlı Fəaliyyət və İnkişaf Araşdırmaları (Sustainable Research for Action and Development) təşkilatının icraçı direktoru, Lesli Adoqami (Leslie Adogame) deyib.
Onun sözlərinə görə, iqlim maliyyələşdirilməsi tullantı sektorunda kifayət qədər təmin olunmur, mövcud az miqdarda maliyyə isə düzgün istiqamətlərə yönəldilmir: “Əksinə, bu vəsait yalnız bir neçə nəfərə fayda gətirən çirkləndirici texnologiyalara sərmayə qoyulmaqla israf edilir. Tullantı sektorunda iqlim maliyyələşdirilməsinin artırılması, düzgün yönləndirilməsi və iqtisadi, sosial və ekoloji təsir göstərən, icmalar tərəfindən idarə olunan uğurlu layihələr üçün əlçatan olması vacibdir”.
O, hökumətləri milli səviyyədə müəyyən edilmiş töhfələrini yeniləyərkən tullantı sektorunu inteqrasiya etməyə və ekoloji ədalət prinsiplərinə uyğun olaraq metanın utilizasiyası həllərinə prioritet verməyə çağırıb: “Hədəf, təsirə məruz qalan icmalar üçün ədalətli keçidin təmin olunmasıdır. Eyni zamanda, tullantı sektoruna yönəlmiş iqlim maliyyələşdirilməsi və tullantı toplayıcılarının inteqrasiyası heç kimin arxada qalmamasını təmin edir. Bu məqsədlə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müxtəlif maliyyələşdirici təşkilatlara müraciət olunub. Dünya Bankı, Beynəlxalq Maliyyə İnstitutu, inkişaf yardımı təşkilatları və xeyriyyə fondları kimi qurumlar qlobal cənubda iqlim dəyişikliyi ilə mübarizə üçün şəffaf, keyfiyyətli və əhəmiyyətli maliyyələşdirilmə öhdəliyi götürməyə çağırılırlar."
“Məişət tullantılarının idarə olunmasının ən vacib ictimai xidmət kimi tanınması, maliyyələşdirilməsi və icmalar tərəfindən idarə olunan tullantısızlıq təşəbbüslərinin genişləndirilməsi təklif olunur: “Qida sistemlərində isə ədalətli keçidin dəstəklənməsi və qida itkisi ilə tullantılarının qarşısının alınması da vacib tələblər arasındadır.", deyə L. Adogami əlavə edib.