“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2019-cu ili 1,76 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ili 930 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, 2019-cu ildə “İçərişəhər”in əsas əməliyyat gəlirləri 8,686 milyon manat (2018-ci illə müqayisədə 18,3% az), xidmətlərinin və materialların maya dəyəri 2,309 milyon manat (3,3 dəfə az), əmək haqqı xərcləri 4,752 milyon manat (11% çox), sosial fondların təminatına ayırmaları 903 min manat (8,3% az), köhnəlmə və amortizasiya xərcləri 546 min manat (1,8 dəfə az), sair əməliyyat gəlirləri 5,48 milyon manat (7,1% çox), sair əməliyyat xərcləri 3,626 milyon manat (32,6% az), fövqəladə gəlirləri 10 min manat (956,7 dəfə az), fövqəladə xərcləri 249 min manat (28,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 31 min manat (2018-ci ildə olmayıb) təşkil edib.
2020-ci il yanvarın 1-nə “İçərişəhər”in aktivləri 37,343 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 48,2% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 29,8 dəfə azalaraq 365 min manata düşüb, balans kapitalı isə 2,5 dəfə artaraq 36,978 milyon manata çatıb, o cümlədən 1 milyon manatlıq nizamnamə kapitalı formalaşıb.
Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ölkə prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılıb.