Hesablama Palatası: Elmin İnkişaf Fondunun istifadə etmədiyi vəsaitlər üzrə qalıqlar artıb

Hesablama Palatası: Elmin İnkişaf Fondunun istifadə etmədiyi vəsaitlər üzrə qalıqlar artıb Bakı. 2 noyabr. REPORT.AZ/ Hesablama Palatası Prezident yanında Elmin İnkişafı Fonduna dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb.
Maliyyə
2 Noyabr , 2017 14:47
Hesablama Palatası: Elmin İnkişaf Fondunun istifadə etmədiyi vəsaitlər üzrə qalıqlar artıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Hesablama Palatası Prezident yanında Elmin İnkişafı Fonduna dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Məlumat “Hesablama Palatası haqqında” qanunun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

“Auditlə əhatə olunan illərdə Fond “Büdcə sistemi haqqında” qanunun və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözləməyərək əvvəlki illərin icrası, depozit və tapşırıqlar hesabında olan qalıq vəsaitlər nəzərə alınmadan büdcə vəsaitləri üzrə proqnoz layihələri hazırlayıb və nəticədə ayrılmış vəsaitlər 50-60% səviyyəsində icra edilib, istifadə olunmayan vəsaitlər isə depozit və tapşırıqlar hesabına köçürülüb, nəticədə qalıq məbləğlər ildən-ilə artıb.

Maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməli olduğu halda, qrant müsabiqələrinin qalibi olmuş layihə rəhbərlərinin təqdim etdiyi hesabatlara əsasən, onları layihə xərcləri üzrə ödənilmiş vəsaitin müxtəlif səbəblərdən xərc edilməmiş 2015-ci ildə 127,6 min manat və 2016-cı ildə 49,2 min manat büdcəyə qaytarılıb və qurumun xərcləri həmin məbləğ qədər artıq göstərilib.

Qrant layihələri çərçivəsində qrant vəsaiti hesabına alınmış elmi avadanlıq, cihaz və qurğuların Fondun mülkiyyəti hesab olunmasına və layihənin icrası müddətində layihə rəhbərinin və icraçılarının istifadəsinə verilməsinə baxmayaraq, həmin əsas vəsaitlər Fondda uçota alınmadan birbaşa xərcə silinib, layihələrin icra müddəti başa çatdıqdan sonra layihə rəhbərlərindən Fonda təhvil alınmayıb və balansa götürülməyib.

Maliyyə hesabatları “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, təsərrüfat əməliyatları üzrə mühasibat müxabirləşmələri qüvvədən düşmüş təlimatın hesablar planı ilə aparılıb, 2016-cı ildə Fondun büdcədənkənar gəlirləri olmadığı halda, düzgün olmayaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda gəlir göstərilib, həmçinin xalis aktivlərin cəmi hesabat ilinin əvvəlinə və sonuna qalıqları “Xalis aktivlər kapitalda dəyişikliklər haqqında” hesabatda düzgün göstərilməyib”, - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi