Hesablama Palatası: Əhalinin məşğulluğunda mənfi dinamika qeydə alınıb

Hesablama Palatası: Əhalinin məşğulluğunda mənfi dinamika qeydə alınıb Bu barədə qurumun “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir
Maliyyə
25 May , 2021 09:26
Hesablama Palatası: Əhalinin məşğulluğunda mənfi dinamika qeydə alınıb

Ötən il pandemiya fəsadlarının daha çox hiss olunduğu sosial sektorda mənfi meyillər müşahidə olunub, əhalinin gəlirləri həm nominal, həm də real ifadədə azalıb, məşğul əhalinin sayı üçün xarakterik olmayan mənfi dinamika qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“Karantin dövrü ərzində pandemiyadan birbaşa zərərçəkmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası məqsədilə dövlət tərəfindən əhalinin həssas qruplarına sosial müavinətlər ödənilib, əhalinin rifah səviyyəsinin qorunub saxlanmasına, iqtisadiyyatın təşviq olunmasına yönəldilmiş tədbirlər həyata keçirilib, lakin baxılan dövrün sonuna əhali gəlirləri üzrə əvvəlki illə müqayisədə azalma izlənilib.

Məbləğ ifadəsində 55726,1 mln. manata bərabər olan, əvvəlki ilə nisbətən real ifadədə isə 4,5% azalan əhalinin gəlirlərinin əsas elementlərindən biri olan orta aylıq əməkhaqqı il ərzində artmağa davam edib, bu artım əvvəlki ildə həyata keçirilən sosial-fiskal paketlə əlaqəli olub.

2020-ci ildə uzun müddətdir müsbət dinamika nümayiş etdirən məşğul əhalinin sayı illik müqayisədə 1,3% azalıb ki, bu da qapanma tədbirləri ilə, həmçinin pandemiya ilə əlaqədar dövlət tərəfindən sosial yardımların göstərilməsi şərtlərinin hesabatlılığa müsbət təsiri ilə izah oluna bilər.

Pandemiyanın vurduğu ziyanın aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər arasında sosial dəstək proqramı olan birdəfəlik ödəmə proqramı üzrə ödənişlər həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, bu proqram çərçivəsində işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-rəsmi məşğul şəxslərdən ibarət aztəminatlılara – 600 min nəfərə birdəfəlik müavinət ödənilib”, - rəydə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi