Hesablama Palatası: Bəzi sahələr üzrə xərc normativlərini yeniləməyə ehtiyac var

Maliyyə
  • 12 noyabr, 2026
  • 12:15
Hesablama Palatası: Bəzi sahələr üzrə xərc normativlərini yeniləməyə ehtiyac var

Azərbaycanda bəzi sahələr üzrə xərc normativlərinin yenidən işlənilməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədrinin müavini Nəsir Sadıqov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, Palata dövlət sifarişləri üzrə mexanizmin təkmilləşdirilməsi, dövlət sifarişinin formalaşdırılması prosesinin elektronlaşdırılmasını təklif edir: "Açıq büdcə indeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədi ilə büdcə sənədləşməsinin təkmilləşdirilməsi, "Büdcə sistemi haqqında" qanunun 12-16-cı, eləcə də 18-20-ci maddələrindəki məlumatlılıq və hesabatlıqla bağlı tələblərin yenilənməsi vacibdir. Bununla bağlı Hesablama Palatasının təkliflərinin nəzərə alınmasını istəyirik".