Hesablama Palatası: "ANAMA ötən il dövlət sifarişini tam icra etməyib"

Hesablama Palatası: "ANAMA ötən il dövlət sifarişini tam icra etməyib" Hesablama Palatası Minatəmizləmə Agentliyinin (ANAMA) ötən il yanvarın 1-dən bu il iyulun 1-nə qədərki fəaliyyətini yoxlayıb.
Maliyyə
7 Dekabr , 2022 12:52
Hesablama Palatası: ANAMA ötən il dövlət sifarişini tam icra etməyib

Minatəmizləmə Agentliyi (ANAMA) 2021-ci il üçün müqavilə məbləği tam maliyyələşdirildiyi halda dövlət sifarişini 88,5% səviyyəsində yerinə yetirib ki, bu da minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsi və sifarişlərin ötürülməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi prosesinin ilin sonunda tamamlanması və nəticə etibarı ilə ANAMA vasitəsilə kənar hüquqi şəxslər üzrə sifarişlərin icra olunmaması səbəbindən baş verib.

"Report" xəbər verir ki, bunu Hesablama Palatası agentliyin ötən il yanvarın 1-dən bu il iyulun 1-nə qədərki fəaliyyətini yoxlayarkən müəyyən edib.

Audit nəticəsində məlum olub ki, ANAMA-da dövlət sifarişinə məqsədli vəsaitlərin ödənilməsi üzrə rəsmiləşdirilmiş müqavilələrə dövlət sifarişinin mahiyyətinə uyğun gəlməyən bəndlər daxil edilib, minatəmizləmə fəaliyyəti üzrə dövlət büdcəsindən açılan maliyyələşmələr qanunvericiliklə sifarişçi-icraçı münasibətlərini tənzimləyən meyarlara tam uyğun həyata keçirilməyib.

Eyni zamanda, Agentliyin işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi predmeti üzrə bir mənbədən satınalma metodu tətbiq edilməklə eyni şərtlərlə iki illik müqavilələr bağladığı 4 yerli hüquqi şəxslə müqavilələrin bağlanıldığı 10 dekabr 2021-ci il tarixinə zəruri əmək resursları və maddi texniki bazası mövcud olmayıb, toplanmış audit sübutları həmçinin təklif olunan və müqavilələrlə rəsmiləşdirilən qiymətlərin tərkibinə (icraçıların qiymət təkliflərinə) cari xərclərlə yanaşı tam həcmdə əsaslı xərclərin (avadanlıq və texnikaların alışı) də daxil edilməsini göstərib ki, bu da qiymətlərə müəyyən dərəcədə təsir etdiyini deməyə əsas verib.

Bir neçə halda dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələbləri (prosedur xarakterli) gözlənilmədən 3 297,8 min manat vəsaitin xərclənməsi, dövlət satınalmaları çərçivəsində ehtimal olunan qiymətlərin optimal qaydada müəyyənləşdirilməməsi, eləcə də eyni malların alışı üzrə ayrı-ayrı müqavilələrdə fərqli qiymətlərin tətbiq olunması vəsaitlərə qənaət olunmamasını səciyyələndirib.

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin yerinə yetirilməsi məqsədilə dövlət satınalmalarının icrası çərçivəsində mobil sahə düşərgələri və modul tipli bazalar üçün konteynerlərin quraşdırılması, nəqliyyat vasitələri və texnikaların ehtiyat hissələri ilə təchizatı və servis xidmətləri, müdavimlərə təlimlərin təşkili çərçivəsində yataq xidmətləri, icrası gecikdirilmiş müqavilələr üzrə cərimə məbləğlərinin tətbiq olunmaması üzrə ümumilikdə 96,2 min manat məbləğində artıq ödənişlərə yol verilib.

ANAMA-nın tabeliyindəki bütün strukturlar (o cümlədən, regional mərkəzlər) üzrə anbarda saxlanma, istismara buraxılma, istismardan geri qaytarılma, təkrar istifadə və s. kimi faktiki hallar üzrə ehtiyatların uçotunun, eyni zamanda ərzaq məhsullarının dövriyyəsinin (mədaxilinin, gündəlik qidalanma rejimi üzrə menyu-tələbnamələrinə uyğun silgisinin) uçotunun avtomatlaşdırılmış (proqram təminatı vasitəsilə) qaydada aparılması təmin edilməyib, həmin aktivlərin təsərrüfat daxili hərəkətinin yalnız kağız formasında uçotu müəyyən qüsurlarla müşayiət olunub ki, bu da strukturlar üzrə ehtiyatların sərfiyyatında (silgisində) və real tələbatın müəyyənləşdirilməsində bəzi intizamsızlıq risklərinin mövcudluğunu şərtləndirib.

Hüquqi aktların tələblərinə əməl edilməyərək ümumilikdə 504,5 min manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması və ödənilməsi təmin edilməmiş, eyni zamanda müvafiq hesabatlarda əvəzsiz əsaslarla əldə olunmuş 1 916,9 min manat məbləğində aktivlərin dəyərinin gəlirlərə aid edilməməsinə, əsaslı xərclər üzrə 36 736,4 min manat və ərazilərin minalardan və hərbi sursatlardan təmizlənməsi sifarişi verilmiş dörd rezident hüquqi şəxsə avans kimi 29 534,9 min manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib.

ANAMA-nın əvvəlki (publik hüquqi şəxs statusuna qədərki) hesabat dövrləri ilə müqayisədə iş həcminin, dövlət büdcəsindən ayrılan maliyyələşmələrin, o cümlədən ştat kontingentinin və əməyin ödənişi ilə bağlı xərclərinin, eləcə də kənar hüquqi şəxslərə sifarişlərinin əhəmiyyətli artımı şəraitində minatəmizləmə üzrə iş həcmlərinin gündəlik icrası vəziyyətinin uçotuna, xüsusilə çirklənmə səviyyəsi yüksək olan ərazilərdə icraçı fiziki şəxslər (istər təsərrüfat, istərsə də podrat üsulla) üzrə işlərin gedişatına müşahidə imkanı verən elektron informasiya sisteminin formalaşdırılması (kənar hüquqi şəxslərin də bu sistemə inteqrasiya olunması) bununla da mərkəzləşdirilmiş qaydada daxili nəzarətin sərf olunan resursların artan həcminə adekvat olaraq gücləndirilməsi təmin edilməyib.

Audit dövründə ümumilikdə 612,5 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınmaqla, bu və digər uyğunsuzluqların aradan qaldırılması, eləcə də nizamnaməyə uyğun olaraq institusional tənzimləmə çərçivəsində funksional fəaliyyətdə istifadə edilən geyimlərin (xüsusi geyimlərin) və yumşaq inventarların istismar müddətlərini müəyyənləşdirən daxili normativlərin işlənilməsi və struktur vahidlərinin fəaliyyətində koordinasiyanın gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi