Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?

Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək? İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq.
Maliyyə
30 May , 2024 18:19
Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?

İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq.

Sığortanın olmamasına görə 300 lari (183 manat) cərimə tətbiq ediləcək. Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (549 manat) olacaq.

Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da yerli sığorta şirkətlərindən səfər sığortası almalıdırlar. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.

Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər. Bəs bu yenilik Azərbaycanın maliyyə, daha dəqiq desək, sığorta bazarına necə təsir edəcək? "Report" mümkün potensialla bağlı araşdırma aparıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycandan Gürcüstana 103 min nəfər səfər edib. Bu, 2022-ci illə müqayisədə 26 % çoxdur.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün ölkə vətəndaşları Gürcüstana hələ ki, yalnız hava yolu ilə səyahət edir, "Azərbaycan Hava Yolları" QSC, eləcə də Gürcüstanın aşağı büdcəli aviaşirkəti - “Georgian Wings”in xidmətlərindən istifadə edir. Söz yox ki, quru sərhədləri açılandan sonra Azərbaycandan qonşu ölkəyə axın indikindən dəfələrlə çox olacaq. Bu o deməkdir ki, Azərbaycanda səfər sığortasının satışı dəfələrlə artacaq. Bu fikri sığorta bazarı üzrə ekspertlər də bölüşür.

Onlardan biri Emin Allahverdiyev hesab edir ki, Gürcüstanın səfər sığortası tələbi Azərbaycanda sığorta bazarının böyüməsinə nəzərəçarpacaq dərəcədə təsir edəcək və sığorta şirkətləri arasında rəqabətə təkan verəcək: “Əlbəttə, bu yenilik könüllü sığortanın bu növünün inkişafına zəmin yaradacaq. Eyni zamanda, bu qərar səyahət edən şəxslərin üzləşə biləcəyi risklərin fərqində olmasına, maliyyə itkilərinin qarşısının alınmasına, ümumilikdə isə səfər sığortası mədəniyyətinin formalaşmasına imkan yaradacaq".

Ekspertin fikrincə, səfər sığortasına tələbatın artdığını görən yerli sığortaçılar bu sığorta növü üzrə yeni məhsullar yaratmağa, bazar payını artırmağa çalışacaq.: "Bu da öz növbəsində könüllü sığorta növlərində yeni pəncərələrin açılmasına, sığorta məhsullarında çeşidliliyin artmasına və sektorun bu istiqamət üzrə dinamik inkişafına müsbət təsir göstərə bilər. Bundan başqa sığorta şirkətləri çarpaz satış imkanlarından da istifadə edərək digər könüllü sığorta növlərini müştərilərinə təqdim edə bilərlər. Nəticə etibarilə səfər edən şəxslərin səyahət müddəti ərzində sığortalı olması onlara daha keyfiyyətli səyahət imkanı yaradacaq və həmin şəxslər sığorta mexanizmindən istifadə edərək gələcəkdə digər ölkələrə də səfər edərkən səyahət sığortasını əldə etməyə maraq göstərəcəklər".

Sığorta bazarı üzrə digər ekspert Kamran Babayev bu qənaətdədir ki, yeni tələb sığorta bazarının böyüməsinə kömək edəcək: “Bu dəyişiklikdən sonra səfər sığortasının satışı artacaq. Yenilik ABŞ və Avropa vətəndaşlarına aid deyil, amma digər vətəndaşlara aiddir”

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi isə vətəndaşlara çağırış edib: “Səfər sığortasını istənilən qeyri-həyat sığorta şirkətinə müraciət etməklə onlayn və yaxud fiziki qaydada əldə etmək mümkündür. Assosiasiya olaraq vətəndaşlarımızı bütün səfərlər zamanı, ələlxüsus da Gürcüstana səyahət edərkən səfər sığortasını əldə etməyə çağırırıq".

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə 6,022 milyon manat sığorta haqqı toplanılıb, 543 min manat sığorta ödənişi həyata keçirilib. Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,4 % və 6,5 % çoxdur. Göründüyü kimi, ötən il səfər sığorta ilə bağlı dinamika müsbət olub. Çox güman ki, yeni tələb sayəsində 2024-cü ildə də səfər sığortasında artım baş verəcək.

Son xəbərlər

Orphus sistemi