"Günay Sığorta"nın yığımları 39 dəfə artıb
- 16 noyabr, 2016
- 07:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Günay Sığorta" ASC-nin yığımları 2 354 873 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,25 dəfə çoxdur.
"Günay Sığorta" bu il iyunun 30-da hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin 1 839 919 manatlıq aktivlərini alıb. Daxilolmaların kəskin artması da bununla bağlıdır.
Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 10 ay ərzində 126 515 manat ödəniş edib və bu, illik müqayisədə 54,31% çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında "Günay Sığorta" məlum səbəbdən topladığı hər 100 manat sığorta haqqının cəmi 5,37 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabr aylarında 136,65% olub. Yəni, ötən ilin eyni dövründə Şirkətin ödənişləri yığımlarını 36,65% üstələyib.
Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.