“Günay Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 247 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründə 75,6% azdır.
9 ay ərzində “Günay Bank”ın gəlirləri 14,662 milyon manat (illik müqayisədə 2,6% çox), xərcləri 12,331 milyon manat (1,4% az), xüsusi ehtiyatlara ayırmaları 2,083 milyon manat (2,7 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Günay Bank”ın aktivləri 231,84 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,6% çoxdur. Bunun 157,369 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,5% böyüyüb.
Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 9,8% artaraq 167,057 milyon manata, o cümlədən depozit portfeli 5,9% artaraq 85,174 milyon manata, balans kapitalı isə 2,5% artaraq 64,783 milyon manata çatıb.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.