"GoldenPay"in xalis mənfəəti 2 dəfə artıb

Biznes
  • 20 aprel, 2022
  • 12:38
GoldenPayin xalis mənfəəti 2 dəfə artıb

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “GoldenPay” ASC 2021-ci ili 1,411 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 97,3% çoxdur.

Ötən il "GoldenPay"in göstərdiyi xidmətlərdən gəlirləri 8,397 milyon manat (əvvəlki ilə nisbətən 58,1% çox), xidmətlərinin maya dəyəri 5,253 milyon manat (71,9% çox), ümumi və inzibati xərcləri 1,361 milyon manat (24,4% çox), qeyri-maddi aktivlərinin silinməsi üzrə gəlirləri 12 min manat (əvvəlki il zərər edib), əmanətlər üzrə faiz gəlirləri 3 min manat (2 dəfə az), faiz xərcləri 14 min manat (2,1 dəfə az), məzənnə fərqindən zərəri 7 min manat (əvvəlki il gəlir əldə edib), mənfəət vergisi ödəmələri isə 366 min manat (61,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "GoldenPay"in aktivləri 4,159 milyon manat olub ki, bu da illik müqayisədə 37,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,9% azalaraq 1,691 milyon manata düşüb, balans kapitalı isə 2,3 dəfə artaraq 2,468 milyon manata çatıb.

"GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 571 min manatdır. Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlər aparmaq, sığorta məhsulları, kino və aviabilet almaq mümkündür.

44 filmi