"GoldenPay"in xalis mənfəəti 2 % artıb

Maliyyə
  • 04 aprel, 2024
  • 07:11
GoldenPayin xalis mənfəəti 2 % artıb

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “GoldenPay” ASC 2023-cü ili 2,197 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,3 % çoxdur.

Ötən il "GoldenPay"in göstərdiyi xidmətlərdən gəlirləri 13,086 milyon manat (əvvəlki ilə nisbətən 17,3 % çox), xidmətlərinin maya dəyəri 8,937 milyon manat (26,8 % çox), kredit zərərləri üzrə ehtiyyat ayırmaları 0,003 milyon manat (89,7 % az), ümumi və inzibati xərcləri 1,612 milyon manat (16,2% çox), məzənnə fərqindən gəlirləri 0,012 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 0,349 milyon manat (35,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "GoldenPay"in aktivləri 8,715 milyon manat olub ki, bu da illik müqayisədə 31,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,3 % azalaraq 1,903 milyon manata düşüb, balans kapitalı isə 47,6 % artaraq 6,812 milyon manata çatıb.

"GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 0,6 milyon manatdır. Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlər aparmaq, sığorta məhsulları, kino və aviabilet almaq mümkündür.