"GoldenPay"in xalis mənfəəti 52 % artıb
- 26 may, 2023
- 05:57
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan "GoldenPay" ASC 2022-ci ili 2,148 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 52,2 % çoxdur.
Ötən il "GoldenPay"in göstərdiyi xidmətlərdən gəlirləri 11,155 milyon manat (əvvəlki ilə nisbətən 32,8 % çox), xidmətlərinin maya dəyəri 7,046 milyon manat (34,1 % çox), kredit zərərləri üzrə ehtiyyat ayırmaları 0,023 milyon manat (əvvəlki il olmayıb), ümumi və inzibati xərcləri 1,39 milyon manat (2,1% çox), faiz xərcləri 0,001 milyon manat (25,9 dəfə az), məzənnə fərqindən zərəri 0,006 milyon manat (4,5 % az), mənfəət vergisi ödəmələri isə 0,541 milyon manat (47,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "GoldenPay"in aktivləri 6,626 milyon manat olub ki, bu da illik müqayisədə 59,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 18,9 % artaraq 2,01 milyon manata, balans kapitalı isə 87 % artaraq 4,615 milyon manata çatıb.
"GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 0,6 milyon manatdır. Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlər aparmaq, sığorta məhsulları, kino və aviabilet almaq mümkündür.