​"Glencore" şirkəti "Lehman Brothers"in iflas ssenarisini təkrarlaya bilər

​"Glencore" şirkəti "Lehman Brothers"in iflas ssenarisini təkrarlaya bilər İnvestorlar: "Xammalın hazırkı qiymətləri "Glencore"un fəaliyyətini normal davam etdirməsi üçün yetərli deyil"
Maliyyə
30 Sentyabr , 2015 17:38
​Glencore şirkəti Lehman Brothersin iflas ssenarisini təkrarlaya bilər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Son günlər ciddi maliyyə problemləri ilə üzləşən "Glencore" treydinq şirkəti (Böyük Britaniya-İsveçrə) ABŞ-ın "Lehman Brothers" şirkətinin 2008-ci ildəki iflas ssenarisini təkrarlaya bilər. Sentyabrın 28-də səhmləri 30%-ə yaxın ucuzlaşan dünyanın ən iri xammal ticarəti və mədənçilik şirkəti olan "Glencore"un maliyyə bazarında bir müddətdən sonra iflas etməsi ehtimalları müzakirə olunur.

"Report" xəbər verir ki, səhmləri dünən 9% bahalaşan "Glencore" Britaniyada bu il ərzində ən pis performans göstərən şirkətdir. Qeyd edək ki, sentyabrın 28-də baş verən kəskin azalma şirkətin bazar dəyərinin 14 mlrd. dollar azalmasına səbəb olub.

Çindən gələn neqativ iqtisadi göstəricilər və ABŞ-ın uçot dərəcəsini artırmaq fikirləri xammal qiymətlərinin kəskin azalmasına səbəb olub. Böyük həcmdə borca malik olan "Glencore" şirkəti xammal qiymətlərindəki azalmanın neqativ təsirinə məruz qalıb. İnvestorlar da xammal qiymətlərinin hazırkı səviyyəsində "Glencore"un fəaliyyətini normal davam etdirə bilməyəcəyini proqnozlaşdıraraq səhmlərin kütləvi satışına başlayıblar.

"Zerohedge" maliyyə internet saytındakı bir məqalədə "Glencore" ilə "Lehman Brothers" şirkətlərinin taleyi müqayisə edilib və hər ikisi üçün maliyyə bazarını şok etmək planının ssenarisinin əvvəlcədən hazırlandığı fikri irəli sürülüb. Saytda "Lehman Brothers"in iflasının təşkilatçıları kimi FED-in sabiq sədri Ben Bernanke və ABŞ-ın maliyyə naziri Henri Paulson göstərilib. Məqalədə maliyyə nazirinin "Lehman Brothers"in bazarda ən əsas rəqibi sayılan "Goldman Sachs"ın əvvəllər İdarə Heyətində yer aldığı bildirilib. Qeyd olunub ki, daha sonra H.Paulson "Goldman Sachs"ın səhmdarı olduğu bir çox bankları xüsusi maliyyə yardımı proqramı ilə borc böhranından xilas edib.

Hazırda "Glencore" şirkətinin də mədənlərinin sayına və ticarət münasibətlərinə diqqət yetirilmir. Şirkətin kredit reytinqinin azaldılması və maliyyələşməsində çətinliklərin yaradılmasına çalışılır. "Glencore"un kredit reytinqi "investisiya edilə bilər" səviyyəsindən aşağı düşərsə, şirkət ödəmə qabiliyyətini itirəcək və iflasa yaxınlaşacaq.

Qeyd edək ki, "Glencore"un baş meneceri İvan Qlasenberq (İvan Glasenberg) bir neçə həftə əvvəl şirkətin bəzi aktivlərinin satışa çıxarılacağını və dividendlərin ödənilməyəcəyini bildirib. İnvestorlar isə bu qərarların sağlamlaşma üçün yetərli olmayacağını düşünürlər.

Son xəbərlər

Orphus sistemi