“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2020-ci ili 7,396 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,1 % çoxdur.
Ötən il GAZ-ın əsas əməliyyat (satışdan) gəlirləri 98,935 milyon manat (əvvəlki illə müqayisədə 89,7 % çox), sair əməliyyat gəlirləri 863 min manat (əvvəlki il min manat olub) təşkil edib. Satışın maya dəyəri 86,952 milyon manat (2 dəfə çox), kommersiya xərcləri 1,311 milyon manat (61,5 % çox), inzibati xərclər 2,352 milyon manat (11,2 % çox), sair əməliyyat xərcləri 596 min manat (7,8 % çox), mənfəət vergisi ödəmələri isə 1,849 milyon manat (48,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 81,206 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,7 % azalaraq 51,117 milyon manata, balans kapitalı isə 32,6 % artaraq 30,09 milyon manata çatıb.
Nizamnamə kapitalı 3,573 milyon manat olan GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Zavodun tikintisi layihəyə görə 1989-cu ildə başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında müəssisə işə düşüb və burada ilk avtomobil yığılıb.