Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 43,1 % az - 8 990,9 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 1,8 % az - 11 392,3 milyon manat olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, 2023-cü ildə ARDNF-in gəlirlərinin 6 571,4 milyon manatını və yaxud 73,1 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 4,3 milyon manat, trazitdən 23,6 milyon manat, bonus ödənişlərindən 800,8 milyon manat, vəsaitinin idarə olunmasından isə 1 590,9 milyon manat gəlir əldə edəcək.
Gələn il ARDNF-in xərclərinin 11 280 milyon manatını və yaxud 99 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 38,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 36,7 milyon manat, özünün idarə edilməsinə isə 37,1 milyon manat xərcləyəcək.
Beləliklə, 2023-ci ildə ARDNF-in büdcəsində 2 401,4 milyon manat kəsir yaranacaq (2022-ci ilin proqnozu 4 192 milyon manat qalıqdır).