Bakı. 25 oktyabr. REPORT.AZ/ 2019-cu ildə 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq.
“Report” xəbər verir ki, 2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.
2019-cu ildə dövlət büdcəsinin yerli xərcləri 840,8 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il ilə müqayisədə 116,9 mln. manat və ya 16,1% çoxdur.
Xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.
Yerli xərclərin 238,4 mln. manatı və ya 28,4%-i təhsil xərclərinə (məktəbəqədr uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 231,5 mln. manatı və ya 27,5%-i səhiyyə xərclərinə, 230,9 mln. manatı və ya 27,5%-i mənzil və kommunal təsərrüfatı xərclərinə, 110 mln. manatı və ya 13,1%-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 8,6 mln. manatı və ya 1%-i mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 21,4 mln. manatı və ya 2,5%-i isə digər xərclərə yönəldiləcək.
İqtisadi təsnifata uyğun olaraq 2019-cu il dövlət büdcəsinin yerli xərclərində əməyin ödənişi xərcləri 366,5 mln. manat, idarənin saxlanılması xərcləri 26,1 mln. manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi ilə bağlı xərclər 40,1 mln. manat, ərzaq məhsullarının alınması xərcləri 108,9 mln. manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərcləri 160,4 mln. manat, subsidiyalar və cari transfertlər 14,8 mln. manat, istehlak mallarının və materiallarının alınması xərcləri 21,1 mln. manat, əsaslı xərclər 54,2 mln. manat, qeyri-maliyyə aktivlərinin alınması xərcləri 7,2 mln. manat və digər xərclər 41,5 mln. manat təşkil edəcək.