Funt sterlinqin məzənnəsi 32 illik minimuma enib

Funt sterlinqin məzənnəsi 32 illik minimuma enib Bu il funt 1,10 USD/GBP-yə qədər ucuzlaşa bilər
Maliyyə
16 Yanvar , 2017 11:21
Funt sterlinqin məzənnəsi 32 illik minimuma enib

Bakı. 16 yanvar. REPORT.AZ/ Dünya bazarında funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi son 32 ilin minimal səviyyəsi - 1,1995 USD/GBP-yə kimi geriləyib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb İngiltərənin baş naziri Tereza Meyin (Theresa May) ölkəsinin qanun və sərhədlərinə nəzarəti yenidən ələ ala bilmək məqsədilə Avropa İttifaqından (Aİ) ayrılmağa hazırlaşması ilə bağlı çıxış edəcəyi ilə bağlı xəbərlər olub. 

"Sunday Times" qəzetindən verilən məlumata əsasən, T.Meyin dünən, yanvarın 15-də ölkəsinə qaçqın axınının durdurulması və digər ölkələrlə ticarət anlaşması imzalaya bilmək üçün Aİ ilə gömrüksüz ticarətdən vaz keçmək istədiyini açıqlamasından sonra funt sterlinq dollarla müqayisədə 1,6% ucuzlaşıb. Qeyd edək ki, sabah, yanvarın 17-də İngiltərə Xəzinədarlıq Nazirliyinin və baş nazirin açıqlamalar verəcəyi və investorları sakitləşdirəcəyi gözlənilir.

Dünyanın lider "Forex" şirkətlərindən olan İngiltərənin "İG Ltd." onlayn investisiya şirkətinin Avstraliyanın Melburn şəhərində yerləşən şöbəsinin baş strategiya mütəxəssisi Kris Veston (Chris Weston) qeyd edib ki, maliyyə bazarları T.Meyin sərt "Brexit" həyata keçirəcəyi ilə bağlı açıqlamalarını qiymətləndirir: "Bu səbəbdən, maliyyə bazarlarında dalğalanmalar bir qədər kəskinləşib".

"Report"un analitik qrupu bildirir ki, USD/GBP məzənnəsi bundan əvvəl 1985-ci ilin fevralındakı 1,20 səviyyəsindən aşağı düşüb və tarixi minimal həddə - 1,0790-a enib. Keçən il oktyabrın 7-də texniki səbəblərdən dünya "Forex" bazarında 1,2630 dollardan 1,1450 dollar səviyyəsinə qədər geriləyən funt sterlinq daha sonra 1,21-1,28 USD/GBP diapazonunda sabitləşib. Analitik qrup funt sterlinqin məzənnəsinin 2017-ci ildə 1,10 USD/GBP səviyyəsinə qədər geriləməsini mümkün sayır.

Son xəbərlər

Orphus sistemi