Bakı. 25 oktyabr. REPORT.AZ/ Qlobal bazarda İngiltərə funt sterlinqinin məzənnəsi yüksəlib.
"Report" xəbər verir ki, buna səbəb bu gün açıqlanan ÜDM-in III rüb üzrə artım göstəricisi olub. Belə ki, İngiltərə ÜDM-i 2017-ci ilin III rübündə proqnozlaşdırılan 0,3% əvəzində 0,4% artıb. Nəticədə funtun dollara qarşı məzənnəsi 1,2% artaraq 1,3110 USD/GBP səviyyəsindən 1,3270 USD/GBP-yə çatıb və hazırda 1,3250 USD/GBP həddində yer alır.
Xatırladaq ki, gələn həftə, noyabrın 2-də İngiltərə Mərkəzi Bankının (BoE) monetar siyasətlə bağlı növbəti iclası gözlənilir. "Deilotte" konsaltinq şirkətinin baş iqtisadçısı Yan Styuart (Ian Stewart) qeyd edib ki, "bugünkü ÜDM-in artım göstəricisi "Brexit"ə baxmayaraq BoE-nin uçot dərəcəsini artırması üçün kifayət qədər güclü səbəbdir".