ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) növbəti iclası ərəfəsində dollar avro və yen qarşısında ucuzlaşıb.
“Report” xəbər verir ki, bu günkü hərraclarda Bakı vaxtı ilə saat 9:13-də dolların avroya qarşı məzənnəsi 1,2151-dən 1,2163-dək geriləyib. Eyni zamanda, yenin dollara qarşı məzənnəsi də 103,66-dan 103,47-dək artıb. Dolların 6 başlıca pul vahidinə qarşı orta məzənnəsini əks etdirən indeksi də 0,07 faiz azalaraq 90,41 bəndə düşüb.
Qeyd edək ki, FRS-nin bu gün keçiriləcək aylıq iclasında faiz dərəcəsini olduğu kimi saxlamaq, habelə iqtisadi proqnozlara dəyişiklik etməklə bağlı qərarların veriləcəyi gözlənilir.
Ənənəvi olaraq ən etibarlı aktiv hesab edilən ABŞ dollarının məzənnəsi koronavirus dərmanları məsələsində irəliləyiş nəticəsində geriləməyə başlayıb. Belə ki, ABŞ və Böyük Britaniyada koronavirusla bağlı peyvənd işlərinə başlanıb. Bir sıra ölkələr tərəfindən qəbul edilmiş “Pfizer” və “BioNTech” şirkətlərinin dərmanının Avropa İttifaqında da istifadəsinə dair şərti icazənin verilməsi məsələsi dekabrın 21-də Avropa Dərmanlar Agentliyinin (EMA) iclasında müzakirə olunacaq.
Bununla yanaşı, ABŞ Konqresində iqtisadiyyata 900 milyon dollar həcmindəki dəstək tədbirlərinə dair müzakirələr davam edir. Xatırladaq ki, bu məsələ ta avqust ayından bu yana gündəmdədir. Müvafiq qanun layihəsi bu və ya başqa şəkildə qəbul edilməyincə millət vəkillərinin milad tətilinə çıxmayacaqlarına dair yayılan xəbərlər bir qədər nikbinliyə rəvac verib.