“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) “BB-“-dan “B+” səviyyəsinə endirib.
“Report” xəbər verir ki, reytinq üzrə proqnoz isə sabit saxlanılıb.
“Fitch”in açıqlamasında deyilir ki, öncədən müəyyən edilmiş cədvələ görə, ölkənin reytinqi oktyabrın 2-də açıqlanmalı idi. Amma ölkədə baş verən bir sıra hadisələr, xüsusən də Dağlıq Qarabağ ərazisindəki əməliyyatlar agentliyin qərarına yenidən baxmasına və nəticələrin açıqlanmasının gecikməsinə səbəb olub.
Məlumata görə, bu ilin ilk yarısında Ermənistan iqtisadiyyatı gözləniləndən daha çox geriləyib və ÜDM-in əhəmiyyətli dərəcədə azalması apreldəki proqnozlara nisbətən ümumi dövlət borcunun daha da trayektoriyaya malik olmasına səbəb olub:
“Biz dövlət borcunun pik həddə (2019-cu ildəki 53,5%-dən 2020-ci ilin sonuna 63,9%-dək artacaq) çatacağını gözləyirik və orta müddətdə bunun aşağıya doğru hədəflənəcəyinə inanmırıq. 2021-ci ildə isə dövlət borcunun ÜDM-in 65,6%-ə yüksəlməyə davam edəcəyini (əvvəlki proqnozumuzdan 9,6 faiz bəndi çox) gözləyirik.
Nisbətən sağlam makroiqtisadi çərçivəyə baxmayaraq yenilənən proqnozlarımızda artan riskləri də nəzərə almışıq. COVID-19 pandemiyasının yenidən canlanması ölkədə məhdudlaşdırma tədbirlərinin təkrar həyata keçirilməsi ilə nəticələnməlidir. Digər tərəfdən də Dağlıq Qarabağ münaqişəsində uzunmüddətli eskalasiyanın davam etməsi iqtisadiyyata neqativ təsir edəcək və Ermənistan iqtisadiyyatının bu il 6,2% azalacağını gözləyirik”.