"Fitch" agentliyi "Azərenerji"nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB

"Fitch" agentliyi "Azərenerji"nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB "Azərenerji" üzrə proqnoz Azərbaycanın suveren reytinqinin proqnozunu əks etdirir
Maliyyə
7 Dekabr , 2016 11:20
Fitch agentliyi Azərenerjinin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB

İlk xəbər saat 09:44-də verilib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin əvvəlki kimi emitentin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B", reytinq üzrə proqnozu isə "neqativ" kimi təsdiq edib. "Report" xəbər verir ki, bu barədə məlumat "Fitch" agentliyinin hesabatında verilib.

Agentlik "Azərenerji" ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əlaqələndirib. Belə ki, "Fitch"in Azərbaycana verdiyi kredit reytinqi də "BB+" və proqnoz "neqativ"dir. 

Hesabatda bildirilir ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. Borcların 8,5%-lik hissəsinə isə Maliyyə Nazirliyi tərəfindən zəmanətlidir. Agentlik, həmçinin qeyd edir ki, "Azərenerji"yə verilən "neqativ" proqnoz Azərbaycanın müstəqil reytinqinin proqnozunu əks etdirir. 

***

"Fitch"in ekspertləri hesab edirlər ki, "Azərenerji"nin dayanıqsız maliyyə vəziyyəti nəzərə alınaraq şirkətin hər hansı bir planlaşdırılmamış yeni borcu üçün dövlətdən zəmanət alacağı gözlənilir. Şirkətin dövlət zəmanətli borcları dövlət borclarına aid edilir və bu öhdəliklərin təmin edilməsi üçün hökumət yetərli səviyyədə maliyyə ehtiyatlarına sahibdir.

Agentlik "Azərenerji"nin yaxın perspektivdə özəlləşdirilməsi ilə bağlı planın olmadığını nəzərə alaraq 2016-2018-ci illərdə şirkətdə hökumət zəmanətli borc payının sabit qalacağını ehtimal edir. 2009-2015-ci illərdə Azərbaycan dövləti "Azərenerji"nin investisiya layihələrinə bu dövrə aid məcmu investisiya portfelinin 47%-nə bərabər olan 970 mln. manat yatırıb: "Bundan sonra isə investisiya layihələri ya təxirə salınacaq, ya da dövlət tərəfindən maliyyələşdirilməsi davam etdiriləcək".

"Fitch"in hesabatına əsasən, 2015-ci ildə imzalanan sərəncamla dövlət 2016-2025-ci illərdə şirkətin xarici borclarını ödəmək üçün ona 172 mln. ABŞ dolları və 204 mln. avro həcmində borc verəcək. Dövlət həmçinin, "Azərenerji"nin əsas sifarişçisi olan "Azərişıq" ASC-yə maliyyə dəstəyi verərək onun Birinciyə olan borcunu ödəməsinə kömək edəcək. Bununla da "Azərenerji" də öz növbəsində SOCAR-a vaxtı keçmiş borcunu azalda biləcək. Bundan başqa, hökumət "Azərenerji"nin vergi borclarını ödəməsi üçün ona uzunmüddətli aşağı faizli 360 mln. manat borc verməyə razı olub.

Agentlik Azərbaycanda valyuta məzənnəsində baş verən dalğalanmanın şirkətin maliyyə vəziyyətinə təsir etdiyini də bildirib. Şirkətin demək olar ki, bütün gəlirlərinin milli valyutada olmasına baxmayaraq, 2015-ci ilin sonuna onun kənara borcunun 70%-dən çox hissəsi avro, dollar və yendə olub. Bununla da 2015-ci ilin sonuna şirkətin manat ekvivalentində borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata yüksəlib. Nəticədə, xarici borcların ödənilməsi üçün dövlət şirkətə maliyyə dəstəyi verib.

"Azərenerji" ASC-nin kredit reytinqinin neftin dünya bazarında qiymətinə bağlı olduğunu bildirən "Fitch" 2016-cı ilin ilk yarısının sonunda şirkətin 11 mln. manata yaxın olan nağd pul vəsaitlərinin 432 mln. manat qısamüddətli borclarını ödəmək üçün yetərsiz olduğunu bildirib. Likvidlik riski borclara dövlət zəmanəti ilə təmin ediləcək. "Azərenerji" ASC-nin aktiv investisiya proqramı onun gələn il üçün pul axınına mənfi təsir edəcək.

Son xəbərlər

Orphus sistemi