“Finkapital” BOKT-un xalis mənfəəti 4 % azalıb
- 29 may, 2024
- 13:55
“Finkapital” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 137 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,2 % azdır.
Ötən il "Finkapital"ın vergiyəqədərki mənfəəti 171 min manat (illik müqayisədə 4,5 % az), mənfəət vergisi ödəmələri isə 34 min manat (5,6 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Finkapital"ın aktivləri 3,25 milyon manat olub ki, bu da illik müqayisədə 52,8 % çoxdur. Bunun 3,124 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 48,4 % böyüyüb.
Hesabat dövründə "Finkapital"ın öhdəlikləri 59,4 % artaraq 2,685 milyon manata, balans kapitalı isə 27,5 % artaraq 565 min manata çatıb.
Xatırladaq ki, "Finkapital" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.