“Finance Leasing” “Finex Credit”dəki payını azaldıb

“Finance Leasing” “Finex Credit”dəki payını azaldıb Lizinq şirkəti BOKT-un nizamnamə kapitalının artırılmasında iştirak etməyib
Maliyyə
1218
29 Dekabr , 2016 17:02
“Finance Leasing” “Finex Credit”dəki payını azaldıb

Bakı. 29 dekabr. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 20% artıraraq 500 min manatdan 600 min manata çatdırıb. Bu barədə “Report” Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 1 000 səhm buraxılıb və qiymətli kağızları BOKT-un mövcud səhmdarları alıb. “Kapital Menecment” investisiya şirkətinin anderrayter olduğu proses yekunlaşandan sonra “Finex Credit”in səhmdarlarının pay bölgüsü dəyişib. 

Belə ki, BOKT-un səhmlərinin 88%-nə nəzarət edən “Finance Leasing” ASC kapital artımında iştirak etməyib. Yeni səhmləri “Finex Credit”-in 6,5%-lik səhmdarı Sevda Cəbrayıl qızı İbrahimova və 5,5%-lik səhmdarı Mobil Famil oğlu Şərifov əldə edib. Son nəticədə lizinq şirkətinin BOKT-dakı payı 73,3%-ə düşüb, əvəzində S.İbrahimova payını 14,9%-ə, M. Şərifov isə 11,8%-ə çatdırıb.

Xatırladaq ki, “Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Bu maliyyə holdinqində həm də 2007-ci ildən fəaliyyət göstərən “Financeleasing” təmsil olunur. BOKT-da payını artırmış M.Şərifov “Financeleasing”in səhmlərinin 10%-nə də sahibdir. Nizamnamə kapitalı 1,2 mln. manat olan lizinq şirkətinin digər səhmdarları isə Tokay Murad oğlu Şıxəlizadə (19%), Murğuz Elşən oğlu Tağıyev (13,1%), Ramiz İbrahim oğlu İbrahimov (12%), Azad Malik oğlu Cavadov (12,7%), Azad Nəriman oğlu Cəbrayılov (3,2%) və digər 8 fiziki şəxsdir (30%). 

Son xəbərlər

Orphus sistemi