Fərid Məmmədov: "Azərbaycan Cənubi Qafqazda maliyyə mərkəzli tam ekosistem yaradan ilk ölkədir"

Fərid Məmmədov: "Azərbaycan Cənubi Qafqazda maliyyə mərkəzli tam ekosistem yaradan ilk ölkədir" Azərbaycan Cənubi Qafqazda maliyyə xidmətləri mərkəzli tam rəqəmsal ekosistem yaratmağa müvəffəq olan ilk ölkə olub.
Maliyyə
21 aprel 2025 12:28
Fərid Məmmədov: Azərbaycan Cənubi Qafqazda maliyyə mərkəzli tam ekosistem yaradan ilk ölkədir

Azərbaycan Cənubi Qafqazda maliyyə xidmətləri mərkəzli tam rəqəmsal ekosistem yaratmağa müvəffəq olan ilk ölkə olub.

“Report” xəbər verir ki, bunu “Bir Ecosystem”in baş direktoru, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədri, "PASHA Technology" MMC-nin Müşahidə Şurasının üzvü və “PASHA Holding”in baş direktorunun müavini Fərid Məmmədov "AmCham Lead x Talks" sessiyasında bildirib.

"2018-2019-cu illərdən başlayaraq analitik hesabatlar meydana çıxmağa başlayıb, onların arasında “McKinsey” şirkətinin hesabatları da yer alıb. Bu sənədlərdə aydın bir fikir öz əksini tapmışdı: "Ekosistemə çevrilməyən yox olacaq". Bu, bir çox şirkətlər üçün başlanğıc nöqtəsi olub, lakin ekosistem modelini yalnız az sayda şirkət reallaşdıra bilib. Xüsusilə maliyyə xidmətləri ətrafında qurulmuş uğurlu ekosistemlərlə bağlı nümunələrə az rast gəlinir", - o qeyd edib.

F.Məmmədov Qazaxıstanın “Kaspi.kz” şirkətini ən məşhur və dayanıqlı nümunə kimi göstərib: "Onlar ikitərəfli ekosistem yaradıblar - bir tərəfdən B2C istiqaməti, digər tərəfdən isə ticarətçilər üçün infrastruktur. Özbəkistandakı “Uzum” e-commerce və marketplace vasitəsilə başqa yolla irəliləyib. Biz onlarla sıx əlaqələr saxlayır, təcrübə mübadiləsi aparırıq. Yeri gəlmişkən, “Kapital Bank” onların ekosisteminə də daxildir. Rusiyada isə ən parlaq nümunələr əlbəttə ki, “Sberbank” və “Yandeks”dir. Şəxsən mən hesab edirəm ki, “Yandeks”in modeli daha həyat qabiliyyətli alınıb".

O, həmçinin qeyd edib ki, qonşu ölkələrdə belə nümunələr demək olar ki, yoxdur:

"Qazaxıstanda var. Cənubi Qafqazda isə biz ilk olduq. Gürcüstanda “TBC Bank” cəhdlər etsə də, özünü ekosistem kimi təqdim etmir. Biz isə lap əvvəldən biznesi ekosistem kimi qururuq və onun mərkəzində maliyyə dayanır. Niyə maliyyə? Çünki bu, təbii giriş nöqtəsidir: demək olar ki, hər bir Azərbaycan vətəndaşının “Kapital Bank”da hesabı var və ya yaxınlarından kimsə onun müştərisidir. Qeydiyyatdan keçmiş istifadəçilərin sayına görə müştəri bazası ölkənin əmək qabiliyyətli əhalisinin sayı ilə müqayisə edilə bilər. Əhalinin təxminən 70 %-i isə aktiv istifadəçilərdir", - F.Məmmədov vurğulayıb.

Orphus sistemi