Faiq Hüseynov: "Unibank" korporativ kreditləşməni artıracaq"

Faiq Hüseynov: "Unibank" korporativ kreditləşməni artıracaq" Qeyri-sabit məzənnə həm borcalan, həm də borcverən üçün çətinlik yaradır
Maliyyə
6 Dekabr , 2016 13:35
Faiq Hüseynov: Unibank korporativ kreditləşməni artıracaq

Bakı. 6 dekabr. REPORT.AZ/ “Unibank” ASC kredit portfelində kiçik və orta sahibkarlara verilən kreditlərin, eləcə də ev təsərrüfatlarına ayrılan mikrokreditlərin payını əhəmiyyətli dərəcədə artıracaq. Bunu “Report”a açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

“6-7 il bundan əvvələ qədər daha çox biznes strukturlarını maliyyələşdirirdik, sonradan kredit portfelimizi şaxələndirdik, istehlak kreditləri da ayırdıq. Artıq bazarda bir sıra mühüm dəyişikliklər baş verib, buna görə də, biznes strategiyamıza yenidən baxırıq, yaxın illərdə yenidən kiçik və orta sahibkarlara, yəni korporativ müştərilərə, eləcə də regionlarda kənd təsərrüfatı ilə məşğul olan fiziki şəxslərə daha çox kredit vermək niyyətindəyik”, - deyə F.Hüseynov qeyd edib.

Bununla yanaşı, “Unibank” rəhbəri bildirib ki, Azərbaycanda manatın ucuzlaşmaqda davam etməsi, dollar/manat münasibətlərində konkret dəhlizin olmaması sahibkarlığa manatla kredit qoyuluşunda problemlər yaradır: “Hazırda banklarda manat kütləsi azdır, cəlb olunan manat vəsaitləri də bahadır. Hazırda əmanətlərin sığortalanma faizinə uyğun olaraq banklar 15%-lə manat cəlb edir. Bunun üzərinə xərcləri, gəlir marjasını və s. gələndə kreditin illik faiz dərəcəsi 20%-i keçir. Eyni zamanda, məzənnə sabit deyil. Tutaq ki, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olanlar xaricdən avadanlığı dollarla alır, amma onlar öz biznes planlarında bunu manatla nəzərə almalıdırlar. Məzənnənin bir qədər sonra necə olacağını isə proqnozlaşdırmaq çətindir. Bu, həm borcalan, həm də borcverən üçün çətinlik yaradır”. 

Son xəbərlər

Orphus sistemi