"Expressbank"ın aktivləri 3% artıb
- 30 oktyabr, 2017
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 oktyabr. REPORT.AZ/ “Expressbank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 295,369 mln. manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,9% çoxdur.
“Expressbank”ın aktivlərinin 56,1%-ni və yaxud 165,744 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 22,8% kiçilib.
Hesabat dövründə “Expressbank”ın cəmi öhdəlikləri 2,8% artaraq 152,703 mln. manata, o cümlədən depozit portfeli 62,7% artaraq 152,703 mln. manata çatıb.
İl ərzində Bankın balans kapitalı 3% artaraq 142,666 mln. manat olub.
Bu ilin yanvar-sentyabr aylarında “Expressbank”ın faiz gəlirləri 19,337 mln. manat (1 il əvvələ nisbətən 33,9% az), faiz xərcləri 4,492 mln. manat (40,2% az), qeyri-faiz gəlirləri 10,185 mln. manat (42,6% çox), qeyri-faiz xərcləri isə 21,659 mln. manat (22,3% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyta mənfəəti 3,371 mln. manat olub ki, bu da illik müqayisədə 69,8% azdır.
Bu il “Expressbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 82,2% az – 2,543 mln. manat ayırıb və ilin ilk 9 ayını 828 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur.