“Expressbank"da Əkrəm Həsənovla görüş keçirilib

Maliyyə
  • 06 fevral, 2019
  • 10:20
“Expressbankda Əkrəm Həsənovla görüş keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ “Expressbank” ASC-də bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla görüş keçirilib.

“Report” xəbər verir ki, görüş Bankın təşəbbüsü ilə baş tutub.

“Expressbank”ın rəhbərliyi ekspertə Bankın ötən ili zərərlə başa vurmasının səbəblərini izah edib, bunu götürülmüş böyük məbləğdə kreditlərə görə ehtiyatların yaradılması ilə əlaqələndirib.

Qeyd edək ki, Ə.Həsənov bu günlərdə ölkə mətbuatına “Expressbank”ın zərərlə işləməsi ilə bağlı açıqlama verib. Ekspert açıqlamasında Bankın “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu bəyan edib və mənfəətdən zərərə keçməsini məhz adı çəkilən şəxsin vəzifəsindən kənarlaşdırılması ilə əsaslandırıb. 

“Report” isə xatırladır ki, “Expressbank”ın səhmdarları arasında E.Pirverdiyev, eləcə də Pirverdiyev soyadlı heç kim yoxdur. Bankın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.