“Express Bank”ın xalis mənfəəti 12% artıb
- 25 aprel, 2022
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
“Express Bank” ASC bu ilin I rübünü 3,508 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,1% çoxdur.
Yanvar-mart aylarında “Express Bank”ın gəlirləri 15,208milyon manat (illik müqayisədə 20,4 % çox), xərcləri 11,804 milyon manat (24,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 932 min manat (58,8% çox), mənfəət vergisi ödəmələri isə 827 min manat (34,3% çox) təşkil edib.
Bu il aprelin 1-nə “Express Bank”ın aktivləri 366,218 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 18,5 % çoxdur. Bunun 254,314 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,3% böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 29% artaraq 238,823 milyon manata, o cümlədən depozit portfeli 30,1 % artaraq 154,274 milyon manata, balans kapitalı isə 2,7 % artaraq 127,396 milyon manata çatıb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.