Ermənistan bankları Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən sabahdan Rusiyanın “Mir” ödəniş kartları ilə əməliyyatları dayandıracaqlar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Rusiya kartlarına Qərb tərəfindən məhdudiyyətlərin tətbiqinin səbəbi bu ölkənin sanksiyalardan yayınmaq üçün “Mir” sistemindən istifadə etməsidir.
Bildirilib ki, Ermənistanın kommersiya bankları “ikinci dərəcəli sanksiyalar riski səbəbindən sabahdan “Mir” sistemindən istifadəni dayandıracaqlar. Lakin bu addım Rusiyanın dövlət nəzarətində olan Bank VTB-nin Ermənistandakı törəmə şirkəti tərəfindən buraxılan “Mir” kartları üçün istisna olacaq".
Qeyd olunub ki, Qərbin genişmiqyaslı sanksiyaları tətbiq etməsindən sonra Ermənistan bankları Rusiyadan pul axınının kəskin artması səbəbindən öz mənfəətlərini üç dəfə artırıb.
Həmçinin müxaliflərə qarşı təzyiqlər və müharibəyə çağırılmaq qorxusu səbəbindən minlərlə Rusiya vətəndaşı Ermənistana qaçıb. Ermənistan şirkətləri Qərb istehsalı olan istehlak mallarını da Rusiyaya təkrar ixrac edirlər.
Ermənistan 2020-ci ildə Azərbaycana qarşı müharibədə məğlub olduqdan sonra Moskvadan uzaqlaşmağa başlayıb.
Diqqətə çatdırılıb ki, ötən ay baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu və əsasən Fransa və ABŞ ilə tərəfdaşlığa can atdığını deyib.
Bu ölkə Moskvanın xəbərdarlığına baxmayaraq, rəsmi olaraq Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) də qoşulub və 2023-cü ilin martında ICC-nin həbs qərarına əsasən, Rusiya Prezidenti Vladimir Putin Ermənistan torpağına ayaq basarsa, onu həbs etməyə borcludur.