Ermənistan Azərbaycanın sığorta bazarına nə qədər ziyan vurub?

Ermənistan Azərbaycanın sığorta bazarına nə qədər ziyan vurub? "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin analitik araşdırma qrupu təcavüzkar Ermənistanın bu günə qədər işğal altında saxladığı Azərbaycan ərazilərinin sığorta potensialını araşdırıb.
Maliyyə
12 Noyabr , 2020 10:42
Ermənistan Azərbaycanın sığorta bazarına nə qədər ziyan vurub?

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin analitik araşdırma qrupu təcavüzkar Ermənistanın bu günə qədər işğal altında saxladığı Azərbaycan ərazilərinin sığorta potensialını araşdırıb.

Bu barədə "Report"a ASA-dan bildirilib.

"30 ilə yaxın bir müddətdə erməni işğalı altında olmuş Azərbaycan əraziləri hər bir iqtisadi sahədə olduğu kimi sığorta sektoru üçün də böyük potensiala malikdir. Qeyd olunan müddət ərzində Azərbaycan ərazilərinin 20%-nin işğalda olması sektora əhəmiyyətli dərəcədə itki qazandırıb.

Belə ki, bu günə qədər işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 1 ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbilə itirdiyi maddi vəsaitdir. Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda elektrik, qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və s. nüansları da nəzərə alsaq görərik ki, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə 1 milyard manata yaxındır.

ASA və sığorta bazarının hər bir iştirakçısı birlikdə intensiv olaraq aparacaqları iş nəticəsində bu itkilərin tezliklə bərpa edilməsinə və Azərbaycan iqtisadiyyatının inkişafında bu faktorun doğru və uğurlu şəkildə dəyərləndirilməsinə nail olunacaq", - qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi