"Embafinans” BOKT 1 milyon manatlıq istiqraz buraxır
- 06 dekabr, 2023
- 14:12
"Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manatlıq istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
***
BFB-nin yaydığı məlumatda isə deyilir ki, qurumun Listinq Komitəsinin qərarı ilə istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib və onların yerləşdirilməsi dekabrın 13-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.