Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ili 602,081 milyon manat zərərlə başa vurub və yığılmış zərərini 3,2 dəfə artıraraq 878,211 milyon manata çatdırıb. Halbuki, Fond 2019-cu ildən 59,63 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il ADIF əvvəlki illə müqayisədə 6,9% az – 33,288 milyon manat sığorta haqqı toplayıb. Onun maliyyə gəlirləri 50,6% azalaraq 1,809 milyon manat, banklara ödədiyi kompensasiyaların geri qaytarılmasından gəlirləri isə 16,3% azalaraq 54,547 milyon manat olub, məzənnə fərqi üzrə 62 min manatlıq zərəri isə 219 min manat gəlirlə əvəzlənib.
Hesabat dövründə Fondun kompensasiya xərcləri 19,9 dəfə artaraq 681,158 milyon manat təşkil edib. Buna səbəb 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının 4 bankın (“Atabank”, “AGBank”, “Amrah Bank” və “NBC Bank” ASC-lər) lisenziyalarını ləğv etməsi, başqa sözlə həmin banklarda sığorta hadisələrinin baş verməsidir.
Ötən il ADIF-in inzibati və sair əməliyyat xərcləri 60,4% artaraq 8,142 milyon manata çatıb, əvəzində maliyyə aktivləri üzrə gözlənilən kredit zərəri 54,4% azalaraq 2,537 milyon manata düşüb. Fond həmçinin əvvəlki ildən fərqli olaraq 108 min manat maliyyə xərcləri çəkib.