Elvin Camalov: "2027-ci ilin büdcə zərfi xarici amillər nəzərə alınaraq hazırlanıb"

Maliyyə
  • 04 noyabr, 2026
  • 12:37
Elvin Camalov: 2027-ci ilin büdcə zərfi xarici amillər nəzərə alınaraq hazırlanıb

Yaxın Şərqdəki münaqişə enerji və nəqliyyat marşrutlarına mənfi təsir göstərməklə yanaşı, əmtəə və xammal qiymətlərində də dalğalanmalara səbəb olub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, uzunmüddətli və inklüziv iqtisadi artım ixracyönümlü, yüksək əlavə dəyər yaradan sahələrin inkişafından asılıdır: "Büdcə zərfində əksini tapan makroiqtisadi proqnozlar da cari iqtisadi vəziyyət, eləcə də daxili və xarici amillər nəzərə alınmaqla bu yanaşma əsasında hazırlanıb".

E.Camalov qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun (IMF) oktyabr ayında açıqladığı son proqnoza əsasən, qlobal iqtisadi artımın bu il ötənilki 3,5 %-dən 3,1 %-ə enəcəyi gözlənilir. Yalnız Yaxın Şərqdəki münaqişənin bu göstəriciyə təsiri 0,4 faiz bəndi qiymətləndirilir.