​Elman Rüstəmov Mərkəzi Bankın əsas hədəflərini açıqlayıb

​Elman Rüstəmov Mərkəzi Bankın əsas hədəflərini açıqlayıb "Nağdsız ödənişlərin inkişafı mühüm hədəflərdən biridir"
Maliyyə
20 İyun , 2016 18:42
​Elman Rüstəmov Mərkəzi Bankın əsas hədəflərini açıqlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ “Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb və bu da ən yüksək göstəricidir”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb: “İqtisadiyyatda qeydə alınan müsbət dinamika qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib”.

E.Rüstəmov makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən də danışıb: “Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.

Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

AMB sədri nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: “Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.

Daha sonra E.Rüstəmov ölkədə makroiqtisadi stabilliyin qorunması istiqamətində Mərkəzi Bankın görəcəyi tədbirlər, dünyanın valyuta, eləcə də enerji bazarlarında baş verən proseslərə Mərkəzi Bankın münasibəti və dolların dəyişən məzənnəsi haqda UNEC iqtisadçılarının suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi