Ekspertlər: Yeni qlobal iqtisadi durğunluq Çində başlayacaq

Ekspertlər: Yeni qlobal iqtisadi durğunluq Çində başlayacaq Çin iqtisadiyyatını uzunmüddətli yavaşlama gözləyir
Maliyyə
30 Avqust , 2016 19:12
Ekspertlər: Yeni qlobal iqtisadi durğunluq Çində başlayacaq

Bakı. 30 avqust. REPORT.AZ/ Çinin 2015-ci il dünya maliyyə bazarlarında yaşanan sərt dalğalanmanın episentrində olmasına baxmayaraq, növbəti qlobal iqtisadi yavaşlamanın səbəbkarı kimi yenə də bu ölkə göstərilir. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu proqnoz "Morgan Stanley" bankının ekspertləri tərəfindən verilib. Onlara görə, ABŞ, Avrozona, Çin, Yaponiya və B.Britaniya yaxın gələcəkdə 3 əsas problemlə üzləşəcək: demoqrafiya, borc yükü və deflyasiya. Adı çəkilən ölkələrdən Çinin hazırda dünya ÜDM-nin 18%-ni və dünya istehsalının 27%-ni təmin etdiyini, qlobal iqtisadi artımın 45%-ni təşkil etdiyini nəzərə almaq lazımdır. "Morgan Stanley"ə görə, Çində iqtisadi yavaşlama dünya nominal ÜDM-in artım tempini aşağı salmaqla yanaşı gəlirliliyi də azaldacaq. Bankın ekspertləri məhz Çinin borc yükünün artmasının növbəti qlobal sərt iqtisadi dalğalanmanın katalizatoru olacağını hesab edirlər.

Əsas problem kimi Çində borc yükünün potensial maliyyə şokuna səbəb ola biləcəyi göstərilir. Bu problem ABŞ-ın 2008-ci il və inkişaf etməkdə olan ölkələrin 1990-cı illərdəki maliyyə problemləri ilə müqayisə edilir. Buna baxmayaraq, "Morgan Stanley" Çində maliyyə şoku riskini hökumətin yürütdüyü monetar siyasətlə zəiflədiləcəyini vurğulayır. Çünki, Çinin borc yükü hazırda daxili bazar hesabına maliyyələşdirilir. Bundan başqa Çin dünyanın xalis kreditorudur. O, ÜDM-in 14,7%-i qədər xalis dünya investisiya mövqeyinə sahibdir. Buna baxmayaraq, Çin cari əməliyyatlar hesabının profisitinə nail olmağa davamn edir. Həmçinin, deflyasiya riski ilə üzləşib ki, bu da mərkəzi banka maliyyə sistemində hər hansı problemi aradan qaldırmaq üçün bazara əlavə likvidlik axıtmağa imkan verir.

"Morgan Stanley" Çində yaranmış problemləri Yaponiyada 1990-cı illərdəki problemlərlə müqayisə edib. Bank qeyd edib ki, problemlərin sürətli tənzimlənməsi və iqtisadiyyatın yumşaq keçidini təmin etmək əvəzində Çində uzunmüddətli izafi istehsal gücü, deflyasiya, nominal iqtisadi artımın yavaşlaması yaşanacaq.

Çin 2012-ci ildən etibarən investisiya həcmini azaltsa da, 2016-cı ildə ÜDM-in 41%-i qədər, yəni 4,7 trln. ABŞ dolları həcmində investisiya edəcəyi gözlənilir. Bu göstərici 2000-2007-ci illərdəki ÜDM-in 24%-i qədər investisiyanın effektivliyinə bərabərdir. Hazırda Çinin ÜDM-i 1 faiz bəndi artırmaq üçün investisiyanı ÜDM-in 6,4 faiz bəndi qədər artırmasına ehtiyacı var. 2000-2007-ci illərdə isə eyni miqdarda investisiya 3,6 faiz bəndi ÜDM artımına səbəb olub. Məhz bu səbəbdən Çinin dünya iqtisadi artım və gəlirliliyinin azalmasına səbəb olacağı qeyd olunur. Qloballaşma və iqtisadi inteqrasiya şəraitində bu problemin maliyyə bazarları vasitəsilə dünyanın hər bir nöqtəsinə ötürüləcəyi qeyd olunur. 

Xatırladaq ki, Çin 2000-ci ildə dünya kapital qoyuluşunun 5%-ni təmin edirdisə, 2015-ci ildə bu göstərici 26% təşkil edib. Məhz bu səbəbdən Çində yaşanacaq maliyyə problemi kapital gəlirliliyinin ciddi şəkildə azalmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi