Ekspert: "Azərbaycan pandemiya şəraitində gələcək iqtisadi mənzərəni yaxşılaşdırır"

Ekspert: "Azərbaycan pandemiya şəraitində gələcək iqtisadi mənzərəni yaxşılaşdırır" Beynəlxalq Valyuta Fondu (IMF) ötən gün dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatını yeniləyib
Maliyyə
28 İyul , 2021 10:20
Ekspert: Azərbaycan pandemiya şəraitində gələcək iqtisadi mənzərəni yaxşılaşdırır
Ayaz Museyibov

“Beynəlxalq Valyuta Fondu (IMF) ötən gün dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatını yeniləyib. Yenilənmiş hesabatda əsas diqqət çəkən məqam odur ki, ölkələr arasında iqtisadi inkişafla bağlı fərqlər böyüməkdədir. Vaksinə çıxış imkanları həm ölkələrin iqtisadi inkişafı, həmçinin də səhiyyə vəziyyətinə təsir edən mühüm amilə çevrilib. Ancaq bununla yanaşı, koronavirusa yoluxma sayının bir sıra ölkələrdə azalmasına baxmayaraq, dünya iqtisadiyyatının yenidən dirçəlməsi imkanları o qədər də stabil və proqnozlaşdırıla bilən görünmür”.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Museyibovun şərhində deyilir.

"Baxmayaraq ki, IMF dünya iqtisadiyyatının 2021-ci ildə 6%, 2022-ci ildə isə 4,9% artacağı ilə proqnozları stabil saxlayıb, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün inkişaf proqnozları aşağı salınıb. Belə ki, inkişafda olan Asiya ölkələri üçün inkişaf proqnozları azaldılarkən, inkişaf etmiş ölkələr üçün müvafiq proqnozlar pozitivə doğru yenilənib. Qlobal ticarətin isə 2021-ci ildə 9,7, 2022-ci ildə isə 7 faiz artacağı proqnozlaşdırılır. Maraqlı məqam ondan ibarətdir ki, baxmayaraq ki, iqtisadi artım göstəriciləri azaldılıb, inkişafda olan ölkələr üzrə dünya ticarətinin 2021 və 2022-ci illərdə, uyğun olaraq, 11,1 və 6,9 faiz bəndi artacağı proqnozlaşdırılır ki, bu da öncəki proqnozlara nisbətən 2,8 və 0,2 faiz daha yüksəkdir.

Hesabatın təhlilindən çıxan digər mühüm nəticə ondan ibarətdir ki, ərzaq qiymətlərinin yüksək olması inkişafda olan ölkələrdə inflyasiyanı tətikləyəcəkdir. Belə ki, 2021-ci ildə inflyasiya göstəricilərinin inkişaf etmiş ölkələrdə 2,4 faiz olması proqnozlaşdırıldığı halda, inkişafda olan ölkələr üçün bu rəqəm 5,4 faiz təşkil edir. Yalnız 2022-ci ildə inflyasiya göstəricilərinin pandemiya öncəsi rəqəmlərə enəcəyi proqnozlaşdırılır. Yüksək inflyasiya trendlərinə məruz qalmamaq üçün isə IMF ölkələrin mərkəzi banklarına aydın kommunikasiya siyasəti yürütməklə iqtisadi gözləntiləri effektiv formada idarə etməyi və idxal inflyasiyasına qarşı qabaqlayıcı tədbirlərin realizasiyasını tövsiyə edir.

Hesabatda əksini tapan digər mühüm bir məqam ondan ibarətdir ki, inkişaf etmiş ölkələrdə artıq ölkə əhalisinin 40 faizi peyvənd olunduğu halda, inkişafda olan ölkələrdə bu rəqəm 20 faizdən aşağıdır. Qeyd edək ki, hazırda Azərbaycanda cari tarixə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 milyon 686 min 492 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 1 milyon 945 min 857 nəfərdir ki, bu da müvafiq olaraq 26 və 19 faizlik göstərici deməkdir. Bu konteksdə göstəricilər qənaətbəxş sayılsa da, fikrimizcə, Operativ Qərargahın vaksinasiya ilə bağlı 26 iyul tarixində aldığı qərarların vaksinasiya göstəricilərini daha da artıracağı proqnozlaşdırılandır.

IMF qlobal iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi ilə ölkələrin milli səviyyədə dayanıqlı və inklüziv anti-pandemiya siyasətləri dizayn etməsi ilə birgə, kollektiv tədbirlərin görülməsinə də çağırış edir. Bu baxımdan, xüsusi ilə də zəif inkişaf etmiş ölkələrin zəruri vaksin və tibbi vasitələrə çıxışının məhdud olmasının gələcək qlobal iqtisadi yenilənməyə mane olmaması və iqtisadi inkişaf dalğalarını pozmaması üçün Azərbaycanın atdığı addımları xüsusi qeyd edə bilərik. Xatırladaq ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb və 2020-ci il mayın 4-də xüsusi tədbir təşkil edilib. Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb ki, hazırda da Ümumdünya Səhiyyə Təşkilatı həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT-yə üzv olan 150-dən çox dövlətin dəstəklədiyi Xüsusi Sessiya baş tutub. Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi təqdim edib. Göründüyü kimi, Azərbaycan hazırda beynəlxalq təşkilatların gələcək iqtisadi inkişaf üçün etdiyi çağırışlara cavab olaraq kifayət qədər liderlik və qlobal təşəbbüskarlıq göstərib.

Hesabatın təhlili onu göstərir ki, pandemiyaya qarşı aparılan mübarizə tədbirləri çərçivəsində realizə edilən siyasət tədbirləri və səhiyyə sistemlərinin dayanıqlılığı 2022-ci il üzrə bir sıra ölkələrin iqtisadi inkişaf göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Onu da qeyd etməliyik ki, artıq bu ilin ilk yarısında Azərbaycanda iqtisadi yüksəliş trendləri pozitivə doğru yönəlməklə, ümumi iqtisadi artım 2,1%, qeyri-neft sektorunda artım isə 5,1%-ə çatıb. Beləliklə, göründüyü kimi iqtisadi sabitliyə nail olunması istiqamətində icra edilən dəstək tədbirlərinin iqtisadi bərpa proseslərində çox mühüm rolu var. Buna müvafiq olaraq, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində qəbul etdiyi genişvektorlu tədbirlər gələcək iqtisadi mənzərəni daha da yaxşılaşdırır".

Son xəbərlər

Orphus sistemi